PDF Oxu

Siyasət

  • 3 661

Azərbaycan İtaliya münasibətləri yeni mərhələdə ŞƏRH

Azərbaycan İtaliya münasibətləri yeni mərhələdə ŞƏRH

Bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir. Azərbaycan bu gün böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və eyni zamanda öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Ölkələrlə əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələdir.

Ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz daim etimad mühitinin qorunmasında stimulverici amildir. Lakin təəssüflər olsun ki, dünyanın bəzi aparıcı dövlətlərinin ikili standartlara əsaslanan siyasəti bir çox hallarda etimadın qorunmasına, inama kölgə salır, müəyyən mənada narazılıqların yaranmasını şərtləndirir. Bizim xarici siyasətimizin uğurlarından bəhs edərkən ikitərəfli əməkdaşlıqda və beynəlxalq təşkilatlarda qazandığı uğurlarla yanaşı, prioritet məsələ olan və artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllinə yanaşmaya diqqət yetirməyə bir zərurət duyulur. Prezident İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, çıxışı, yaxud müsahibəsi yoxdur ki, 30 illik işğal, 44 günlük Vətən müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. 30 il davam edən Ermənistanın işğalı dövründə bəzi ölkələrin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da bu, dövlətimizin siyasətində heç bir dəyişikliyə səbəb olmadı, əksinə, Azərbaycan hücum diplomatiyasını uğurla davam etdirərək kimin haqlı, kimin isə haqsız tərəf olduğunu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”

Bu gün dünya və ölkə mətbuatında əsas müzakirə mövzularından biri Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə sayca üçüncü səfəri, keçirdiyi görüşlər, o cümlədən Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumdakı çıxışında səsləndirdiyi fikirlərdir. İlk öncə onu xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyev Forumda əsas qonaq qismində iştirak etdi. Sayca 50-ci olan Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında Prezident İlham Əliyevin “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı mühüm çağırışlarla zəngin oldu. Dövlətimizin başçısı Forumdakı çıxışında bu mühüm məqamı xüsusi vurğuladı ki, İtaliya ilə yüksək səviyyəli təmaslarımız çox yaxın tərəfdaşlar olduğumuzu nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır.Dövlətimizin başçısı çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi oldu: “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var”. Prezident İlham Əliyev onu da əlavə etdi ki, beynəlxalq təşkilatların, həmçinin BMT Təhlükəsizlik Şurasının hüquqi öhdəlik yaradan 4 qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğuladı. Bundan əlavə Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi, son dörd ilə yaxın müddətdə onun reallaşdırılması istiqamətində atılan addımlar da geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığı bir daha vurğulandı. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub. 13 kilometrlik hissə demarkasiya edilib. Qeyd edək ki, Azərbaycanın Ermənistanla 1000 kilometrlik sərhədi var. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.

Bu mühüm məqam hər zaman xüsusi diqqət çəkir ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycana xüsusi maraq göstərilir. Bunun səbəbi, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, o cümlədən, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. “The European House – Ambrosetti” beyin mərkəzi, həmçinin, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin belə bir yüksək statusun daşıyıcısı olan Forumda dərin məzmunlu çıxışı, tədbir çərçivəsində keçirdiyi görüşlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və hazırda xarici ölkələrin mətbuatında geniş təhlil edilir.

Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. Xüsusilə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər