Ölkəmiz növbəti dəfə "Formula 1" Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edəcək
Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmiz öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmizdə son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir.
Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində nailiyyətlər Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik, əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsində əlverişli məkandır. Uğurla inkişaf edən Azərbaycanda müasir dövrün çağırışlarına uyğun istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu davamlı xarekter daşıyır.
BEYNƏLXALQ VƏ QLOBAL SƏVİYYƏDƏ YEGANƏ PLATFORMA
Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. Bildiyimiz kimi, paytaxt Bakımız VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan "Bakı Prosesi" çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır.
Xatırladaq ki, qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" təsis edilmişdir. Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başladığını nəzərə alınaraq simvolik olaraq yeni platformanın adı "5 A" kimi müəyyən edilmişdir. 2013-cü ilin 29 may - 1 iyun tarixində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2015-ci il tarixdə Bakı şəhərində "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Sülh ağacı üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Yeni Bulvarın ərazisində qoyuldu. "Sülh ağacı" xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.
2017-ci il tarixində Bakı şəhərində "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçdi. Ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edirdi.
Qloballaşma artıq qaçılmaz bir prosesə çevrilib və hüdudları çox genişdir. Bu o deməkdir ki, qloballaşma müxtəlif mədəniyyətlərin nümayəndələri arasında təmasları artırmış, mədəni müxtəlifliyi daha da genişləndirmişdir. Beynəlxalq ictimaiyyət artıq bu məsələni öz gündəliyində vacib, mühüm bir məsələyə çevirib.
AZƏRBAYCANIN YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİLATÇILIQ QABİLİYYƏTİNİN NÜMAYİŞİ
Paytaxt Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi növbəti uğurumuzdur, Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili ölkəmizin təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirib. Qeyd edək ki, altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Hələ Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. "Kaspi" Tədqiqat Mərkəzi yaradılmaqla, Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan "Salyut" və "Soyuz" kimi peyklərdə istifadə olunmuşdur. Bildiyimiz kimi, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqres keçirildi,
Təbii ki, hər zaman olduğu kimi Azərbaycan bu dəfə də beynəlxalq tədbirə öz təcrübəsindən, ölkəmizdəki əmin-amanlıqdan yararlanaraq Konqresi Azərbaycanda ən yüksək səviyyədə təşkil etmiş oldu.
DÜNYA MİQYASINDA MÖTƏBƏR İDMAN TƏDBİRİ
Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.
Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsi tək də qəbul edilməsi təsadüfi deyildi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən beynəlxalq idman tədbirləri sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Ölkəmizin ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini atırıb. Ölkəmizdə müasir infrastruktur, xidmət obyektləri tikilərək, dünya standartlarına cavab verən otellər istifadəyə verilib. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi, böyük etimad Azərbaycana olan inamdan doğumuşdur. Azərbaycan Oyunların standartlarını, səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi.
"FORMULA-1" YENİDƏN START GÖTÜRƏCƏK
2016-cı ildən paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifədir. Azərbaycan bir neçə gündən sonra yenidən dünya ölkələrinin diqqətində olan bu yarışın başlanmasına start verəcək. Ölkəmizdən start görürəcək "Formula-1" yarışı onu deməyə bir daha əsas verir ki, beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edən Azərbaycan beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün etibarlı bir ölkədir. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik, əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsi üçün Odlar diyarını əlverişli məkana çevirib. Ötən illərdə paytaxt Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləmiş oldu. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları vasitəsi ilə yarışlar müntəzəm yayımlandı.
Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallarda ölkəmiz ətrafında yetərincə fikir formalaşdıra bildilər.
Əlbəttə ki, Azərbaycan beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi edərkən qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır. İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bilirlər. Təbii ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışıblar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaratmış olur. "Formula-1" Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı nümunə kimi dəyərləndirilir.
Təbii ki, paytaxtımızda keçirilən "Formula-1" yarışları yüksək standartlara cavab verir. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Ölkəmizdə idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi və ədalətli şəkildə baş tutmasının nəticəsidir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ümumdünya Ədalətli Oyunlar Komissiyası tərəfindən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Avropa Ədalətli Oyunlar Komissiyası tərəfindən yüksək mükafatlara layiq görülüblər.
Azərbaycan növbəti dəfə də "Formula 1" Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edəcək. Hər zaman olduğu kimi yüksək təşkilatçılığı ilə öz sözünü deyəcək. Yarışın keçiriləcəyi ərazilərdə bütün təhlükəsizlik tədbirləri görülüb və böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası təşkil olunub.
Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaq.
Bu dəfə də Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirəcək. "Formula-1" tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi olacaqlar. Ölkəmizə gələn əcnəbi qonaqlar burada yaradılan infrastrukturu, bütün sahələrdə tərəqqini, nadir arxitekturanı, ölkənin qədim tarixi və zəngin çoxəsrlik mədəniyyətini, həmçinin sabitliyi və təhlükəsizliyi öz gözləri ilə görəcəklər. Bütün bunlar dövlət başçısı Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafına dair uzaqgörən və müdrik strategiyası ilə bağlıdır. Əminliklə demək olar ki, Zəfər qazanmış Bütöv Azərbaycan özünü dünyada təsdiq edən zəngin və güclü dövlətdir.
Zümrüd BAYRAMOVA