PDF Oxu

Siyasət

  • 1 672

Azərbaycanlı alimlər bir arada TƏHLİL

Azərbaycanlı alimlər bir arada TƏHLİL

Prezident İlham Əliyev: "Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır"

Bu gün Zəfər qazanmış bütöv Azərbaycan dünyada sözünü demiş bir dövlətdir və uğurlu inkişaf tarixini yaşayır. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat dövlətimizin əsas inkişaf göstəriciləridir. Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi xarakterizə olunur. Heç şübhəsiz ki, dünya ölkələrində yaşayan azərbaycanlılar, diasporumuz da fəaliyyət dövrünün yeni mərhələsini yaşayır. Azərbaycanın diaspor fəaliyyəti əlamətdar yol keçərək müasir dövrümüzdə mütəşəkkil şəkildə formalaşıb. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən gəldikdən sonra bu istiqamətdə vahid və birləşdirici siyasət yürütmüşdü. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Dünya azərbaycanlılarının milli birliyinin təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub.

AZƏRBAYCAN DİASPORU QARŞISINDA YENİ VƏZİFƏLƏR

Dünya Azərbaycanlılarının Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsi nailiyyətlərimizə, zəfərimizə söykənir. Bu zəfər bütün dünya ölkələrində yazayan Azərbaycanlıların Zəfəridir. Belə ki, müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. 44 günlük Vətən Müharibəsində milli birliyimiz, xalq-iqtidar birliyi bizi qələbəyə apardığı kimi bu amillər yaxın gələcəkdə Azərbaycanın daha da gücünü artıracaqdır. Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixiləşdi. Dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı verdiyi mesajlar xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün yol xəritəsi müəyyənləşdirməklə yanaşı, Azərbaycan diasporu qarşısında yeni vəzifələr də qoymuş oldu. Qələbə qazanmış Azərbaycan xalqının Zəfər Qurultayı 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsindən sonra keçirilən ilk qurultay idi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı "Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var", - deyə bildirib ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub:"Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün". Bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan Cənab Prezident diqqətə çatdırıb ki, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq: "Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".

Dövlət başçısı Qurultayda nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı.

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN FORUMUNA TÖHFƏ

Azərbaycan tarixi günlərlə zəngin olan dövrünü yaşayır. Paytaxt Bakımızda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilir. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına ünvanladığı müraciətində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi olaraq vurğulayıb. Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

FAYDALI ƏMƏKDAŞLIQ YOLLARI MÜƏYYƏN EDİLİR

"Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür", - deyə bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.

Müharibədən sonra yaranmış yeni reallıqları, tarixi Zəfərin reallıqlarını, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyətlər düşür.

Qeyd edək ki, Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar. "İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir", - deyə Prezidentin müraciətində bildirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər