PDF Oxu

Siyasət

  • 6 984

Nəbi Xəzrinin söz dünyası TƏHLİL

Nəbi Xəzrinin söz dünyası TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan mədəniyyət və incəsənəti tarixin müxtəlif dövrlərində inkişaf yolu keçərək, təkmilləşmiş, dünya miqyasında sözünü deyə biləcək səviyyəyə yüksəlmişdir. Bu dəyərlərin, amillərin inkişafı onun yaradıcılarının, istedadlı xadimlərin əməyi, zəngin bədii təxəyyülün nəticəsidir. Belə irsi yaradan, zəngin mədəniyyəti formalaşdıran simalar müasir dövrümüzdə ölkə rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Bir-birinin ardınca imzalanan Sərəncamlar məhz mədəniyyət xadimlərinin əməyinə, onların irsinin, məktəbinin geniş bir məkanda təbliğinə yönəlib. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.

2024-cü ilin dekabr ayında Azərbaycanın Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur. Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustası Nəbi Xəzri çoxcəhətli yaradıcılığı ilə insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmişdir.

Sənəddə qeyd olunduğu kimi, Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.

Tərcümeyi-halına nəzər salsaq görərik ki, Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri Xırdalan kəndində tacir ailəsində anadan olub. Atası Kərbəlayi Ələkbər Baba oğlu kəndin tanınmış tacirlərindən olub. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edib, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olub. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Azərbaycan ədəbiyyatında öz yeri olan Nəbi Xəzri bütün zamanların söz adamı olaraq mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

Bir ömür payında yaşanılan illəri nəzmə çəkərək yazıb-yaradıb. Şeirlərin fikir yükü ilə ətrafa, yaşadığı cəmiyyətə zamanın bədii həqiqətini obrazlaşdırılmış bir şəkildə təqdim edib. Bu, onun poeziyaya sevgisindən, vətənə, insanlığa olan məhəbbətindən, ilahi eşqindən irəli gəlir. Oxucu və şair arasında münasibət mövcud deyilsə, demək, həmin yaradıcılıq susmuş bir poeziyadır. Nəbi Xəzri daim çağlayan və ülvi hisslərdən yoğrulmuş bir sənətin mükəmməl nümunəsini ortaya qoyub və əbədiyaşarlıq qazanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər