Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.
Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Cari ilin 6 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
Prezident İlham Əliyev çıxışında onu da qeyd edib ki, ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı təhsil ocağı – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Orada təhsil alan tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, bu ölkənin mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində qədər əhəmiyyətlidir.
Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişafı üçün imkanlar mövcuddur. Bu əlaqələr xalqlarımızın və dövlətlərimizinbir-birinə yaxınlaşmasında əhəmiyyətli rol oynayır.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı