2090 nəfərin əzəli yurdda daimi məskunlaşması təmin edilib
Bu gün Laçında da yeni həyat başlayır. Laçında abadlıq-quruculuq işləri həyata keçirilir. "Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik… Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik", - deyə Prezident çıxışlarının birində bildirmişdir. Azərbaycanın səfalı guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra burada ardıcıl olaraq böyük tikinti-quruculuq işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub. Artıq Laçınımızda yeni dövrdür – əzəli sakinlərin doğma yurda dönüş dövrü.
Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb, daha 59 laçınlının yurd həsrətinə son qoyulub . Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla da, Laçın şəhərində 570 ailə, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpağımıza yol alır. Neçə ilin niskilini yaşamış insanların bu torpağa dönüşü tarixi hadisə olaraq yaddaşlara köçür. Neçə bahar, neçə qış əzəli torpaqdan uzaq qalan insanlar doğma yurdla görüşürlər.
30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü deməsi ilə nəticəsində xalqımızın tarixinə Zəfər yazıldı. Azərbaycan torpaqları işğaldan azad olundu. Artıq bu ərazilərdə yeni bir dövrə – inkişaf, quruculuq dövrünə qədəm qoymuşuq. Azərbaycan bayrağı işğaldan azad olan Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində Şuşada… dalğalanır.
"Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq"
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd etmişdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".
Xatırladaq ki, Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqlara yerlərə göndərilməsi əsas məsələrdən biridir. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Burada 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Qısa bir zamanda bu ərazilərdə həyat öz axarına düşməyə başlayıb. Vətən müharibəsindən ötən dörd ilə yaxın bir zamanda işğaldan azad olunmuş ərazilərdə görülən işlər bunun təzahürüdür. Həmin ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən görülən işlər planlı şəkildə həyata keçirilir.
20 il ərzində şəhər əhalisinin sayı 18 min nəfərə çatacaq
Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Güləbird kəndində qısa müddət ərzində inşa edilmiş "Güləbird" Su Elektrik Stansiyası istifadəy verilib. Bu, azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Erməni qəsbkarlar işğal dövründə bu stansiyanı da darmadağın etmişdilər. İndi təxminən 7000 nəfər əhali elektrik enerjisi təmin olunacaq.
Laçının Baş Planına əsasən, 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş Plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı dövlətimizin başçısı "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib.
Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür yüksək şərait yaradılıb, onların bütün məsələlərinə, eləcə də məşğulluq siyasətinə yüksək dəstək verilir. Azərbaycan öz iqtisadiyyatının gücü, öz qüdrəti hesabına Böyük Qayıdış proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq.
Zümrüd BAYRAMOVA