“Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 aprel tarixində Qərbin liderləri ilə görüşü və Ermənistana yardımların verilməsindən sonra həmin yardımların 2 dəfə artırılmasının da şahidi oluruq. Düzdür, ilk yardım zamanında Ermənistanın bir çox siyasiləri Paşinyanı onları az bir məbləğ üçün dilənçi halına salmaları ilə bağlı qınamışdılar. Amma hazırda görünən odur ki, həmin məbləğin artırılmasına da nail olurlar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib. O bildirib ki, getdikcə Ermənistana edilən yardımların artdığını müşahidə edəcəyik: “Çünki bir sıra beynəlxalq, Avropa, Amerika bankları və fondları Ermənistanın iqtisadiyyatının inkişafına, xüsusilə də sərhədyanı bölgələrdə yaşayan ermənilərin təsərrüfatla məşğul olması, yolların yaxşılaşdırılması, yeni yolların çəkilməsi məsələsi və digər sahələrə pul ayıracaqlarını vəd edirlər.Bütövlükdə Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi birbaşa Zəngəzur dəhlizinin gələcəkdə Rusiyanın yox Amerikanın nəzarəti altında olacağına işarədir. Gün keçdikcə Amerika regionda öz oyunlarını davam etdirir, maksimum çalışır ki, Rusiyanı bölgədən uzaqlaşdırsın. Artıq Rusiya da bunu çox gözəl anlayır. Xüsusilə də dünən verilən bəyanat, Rusiyanın heç bir zaman Amerikanın diqtəsi ilə “oturub-durmaq” niyyətində olmadığını nümayiş etdirdi. Görünən odur ki, hazırda vəziyyət gərgindir. Zəngəzur dəhlizi məsələsində isə tərəflərin biri-birinə güzəştə getmək fikri yoxdur. Amerikanın Avropayla Ermənistan arasında olan vizanın ləğv olunması məsələsi də tez-tez gündəmə gəlir. Ümumiyyətlə viza məsələsi son zamanlar Ermənistanda çox aktivləşib.Ermənistanda demoqrafik vəziyyət də heç ürəkaçan deyil, əli, ayağı tutan hər kəs Ermənistanı tərk edib, getmək istəyir. Əgər viza məsələsi də aradan qaldırılarsa, Ermənistanda əhalinin sayı sürətlə azalacaq. Bu da Ermənistan üçün başqa bir böyük fəlakətdir”.
Müəllif: Səbinə Hüseynli