PDF Oxu

Siyasət

  • 3 614

Məktəb həyatına ilk çağırış - ilk zəng TƏHLİL

Məktəb həyatına ilk çağırış - ilk zəng TƏHLİL

İlk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq

Sentyabrın 16-da respublikada bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanğıcıdır. Təbii ki, bu günü daha çox səbirsizliklə gözləyənlər bu il birinci sinfə gedəcək şagirdlər və I kursa qəbul olan tələbələrdir. Ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq. Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng. Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədası illər, qərinələr ötsə də, unudulmur. Bu gün ölkəmizdə məktəbə qədəm qoyan hər bir məktəblinin keyfiyyətli və fasiləsiz təhsil alması üçün bütün imkanlar təmin edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda təhsilimizə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır. İnsanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub. Şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

MÜASİR TƏFƏKKÜRLÜ AZƏRBAYCAN VƏTƏNDAŞININ YETİŞDİRİLMƏSİ ƏSAS HƏDƏFLƏRDƏNDİR

Dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yüksəlib. Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradır.

Əlamətdar haldır ki, yeni tədris ilində işğaldan azad olunan ərazilərimizdə ilk zənginin səsi eşidiləcək. Onlar bu torpaqda - əzəli torpaqlarımızda elmin sirlərinə bələd olub, Vətən torpağının müqəddəsliyini bir daha təhsilverənlərdən əxz edəcəklər. Əlifbamızın ilk hərfi olan Ana, Azərbaycan sözlərinin dərin mənasını dərk edəcəklər.

Sentyabrın 16-da Şuşanın yeni və müasir infrastruktura malik məktəbində 100-dən çox şagirdin təhsilə başlayacaq. Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 960 şagird yerlik, üç mərtəbə, beş blokdan ibarətdir. Məktəbin binasında hər biri 24 nəfərlik olan sinif otaqları yerləşir. Burada iki informatika kabineti, akt zalı, həyətdə isə idman meydançası var. Yeni tədris ilində müvafiq tədris planına uyğun olaraq dərs cədvəlləri hazırlanıb.

ÇAĞIRIŞLARA CAVAB VERƏN İNSAN KAPİTALI

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn "keyfiyyətli insan kapitalının hazırlanması", "təhsilin keyfiyyətinin yaxşılaşdırlması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası" kimi prioritet-strateji istiqamətlər təhsilin inkişafına olan xüsusi diqqətinin göstəricisidir.Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Son illərdə məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir. Əlbəttə ki, Zəfər qazanmış Azərbaycan xalqının övladlarının qarşısında geniş imkanlar açılmaqla yanaşı, üzərilərinə də böyük məsuliyyət düşür. Onlar Vətənin gələcək qoruyucularıdır. 44 günlük Vətən müharibəsində məktəb partası arxasında yetişən vətənpərvər gənclər öz iradə və vətən sevgilərini nümayiş etdirdilər. Onların belə vətənpərvər ruhda böyümələri üçün dövlətimiz tərəfindən ayrılan diqqət və qayğının nətcəsidir ki, düşməni əzəli torpağımızdan mərdliklə qovaraq, onlara dərs verdilər.

Beləliklə, sentyabrın 16-sı ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz uğurlu olsun!

Zümrüd BAYRAMOVA

Digər xəbərlər