Dövlət başçısı "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.
Bakının simasına yeni-yeni bənzərsiz naxışlar vurulub, gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar, meydanlar və körpülər paytaxtımızın ayrılmaz atributları sırasındadır. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Paytaxtımız hər tərəfli gözəlləşir. Hər yerdə aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək onun tamamilə yeni bir simasını təqdim edir.
Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə abadlıq-yenidənqurma işləri aparılıb. Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb. Bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verilib.
TURİSTLƏRİN İSTİRAHƏTİNİN SƏMƏRƏLİ TƏŞKİLİ
Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfədir.
Paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.
Xatırlatmaq yerinə düşər ki, Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır. Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb. Şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.
BAKI İNKİŞAFININ YENİ DÖVRÜNDƏ
Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi, müdrik syasəti dayanır. Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Uğurlu inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir". Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir.
"TƏBİƏT NAMİNƏ BİRLƏŞ, HƏYAT NAMİNƏ BİRLƏŞ!"
Paytaxtımızın demək olar ki, hər bir guşəsində yeni parkların, istirahət məkanlarının salınması diqqəti cəlb edir. Bakının Xətai rayonu ərazisində yaradılan "Gənclik" parkı da öz görkəminə yeni bir ab-hava qatıb. Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.
Hələ "Gənclik" parkı yeni salınarkən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlətimizin başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi. Üzərindən qısa zaman ötdükdən sonra, tapşırıqlar tam şəkildə icra olundu və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrildi. Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilərlər.
SOSİAL-EKOLOJİ HƏDƏFLƏRİN REALLAŞDIRILMASI DAVAMLIDIR
Qeyd edək ki, Gənclik parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac və kol var. Həmçinin parkın ərazisində yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar parkda asudə vaxtlarını səmərəli keçirə bilirlər. İstirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi də yaradılıb. Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri də var. Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür.
"Gənclik" parkı paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə ölkənin sosial-ekoloji hədəflərinin reallaşdırılmasının davamlı xarakter aldığını bir daha təsdiqləyir.
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə layihələr icra edir. Bu sahədə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Bu Sərəncamlar dövlətin təməlinin daha da möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Azərbaycanda insanların sağlamlığı, rahatlığı, firavan həyatı da daim diqqətdə saxlanılır.
Zümrüd BAYRAMOVA