PDF Oxu

Siyasət

  • 1 154

Dünyamiqyaslı yarış təhlükəsiz məkanda ŞƏRH

image

Prezident İlham Əliyev: "Formula 1 Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynayır"

Bakı sayca səkkizinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi. Bu bir daha təsdiqləyir ki, Azərbaycanda idmanın inkişafı ən yüksək dövrünü yaşayır. İdmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanır və ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir.
Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi etdi. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

TƏHLÜKƏSİZLİYİN ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN OLUNDUĞU MƏKAN

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub.
Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən ölkə olaraq da tanınıb. Məlumdur ki, Bakıda keçirilən "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımlayırlar. Növbəti "Formula-1" ölkəmizdə həmişə olduğu kimi, yüksək səviyyədə keçirildi. Xatırladaq ki, "Formula-1" Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra öz kütləviliyinə görə üçüncü yerdə dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edərkən, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd edib.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulanıb. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunulub.
Görüşdə həmçinin COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edilib, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulanıb. Dövlətimizin başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət edib.
Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd edib.
Qeyd edək ki, Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi də qəbul edib. Məhəmməd Ben Sulayem ötən ilin dekabrında Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının və Federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qonaq Azərbaycan Avtomobil Federasiyası və klublar ilə sıx əlaqələrin mövcud olduğunu deyərək, əməkdaşlığın genişləndiyini vurğulayıb.
Məhəmməd Ben Sulayem COP çərçivəsində Beynəlxalq Avtomobil Federasiyasının nəqliyyat sahəsində fəaliyyətə dəstək verəcəyini və bununla bağlı Federasiyanın mütəxəssislərinin ölkəmizlə əməkdaşlıq edəcəklərini bildirib. Dövlətimizin başçısı Beynəlxalq Avtomobil Federasiyasının prezidentini COP29-a dəvət edib.

BAKI YARIŞI İLİN ƏN YAXŞI QRAN-PRİLƏRİ ARASINDA YER ALIR

Yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr etdilər. Bu, çoxsaylı xarici televiziya tamaşaçılarına şəhərin mənzərəsini, tarixi yerlərini görməyə imkan yaratmış oldu. Xatırladaq ki, Bakıda ilk dəfə "Formula-1" Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-Priləri arasında yer alır. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə bir daha yarışdılar. Bu dəfə də Bakı dünya tamaşaçılarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini, təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik, əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsi üçün Odlar diyarını əlverişli məkana çevirib. Ötən illərdə paytaxt Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləmiş oldu. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu.
Əlbəttə ki, Azərbaycan beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi edərkən qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır. İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bildilər. Təbii ki, paytaxtımızda keçirilən "Formula-1" yarışları yüksək standartlara cavab verir. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Ölkəmizdə idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi və ədalətli şəkildə baş tutmasının nəticəsidir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ümumdünya Ədalətli Oyunlar Komissiyası tərəfindən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Avropa Ədalətli Oyunlar Komissiyası tərəfindən yüksək mükafatlara layiq görülüblər.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər