“Hazırda dünyanın yenidən qurulması prosesi gedir. Buna görə də bütün dünyanı qarışdırıblar. ABŞ da bu səbəbdən Cənubi Qafqazda sabitlik olmasını istəmir. Çünki buradakı rus qoşunlarının çıxarılması üçün ciddi mübarizə aparır. Buna görə də ABŞ tərəfindən Ermənistan silahlandırılır, bu isə Azərbaycan üçün böyük təhlükədir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, Qərb Azərbaycanda sabitlik olmasını istəmir: “Buna görə də ABŞ və Avropanın bəzi ölkələri Azərbaycana qarşı təxribat törədirlər, ölkəmizə şər-böhtan atırlar. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyü təmin olunub. Hazırda isə ölkəmiz həmin ərazilərdə yenidənqurma və bərpa işləri ilə məşğuldur. Dağıdılmış kənd və şəhərlər bərpa edilir, yaşayış üçün lazımi bütün infrastruktur yaradılır. Təbii ki, Amerika və Avropanın bəzi ölkələrinin də Azərbaycanda görülən işləri gözü götürmür.Bu gün ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib ki, Azərbaycanla aparılan sülh danışıqlarını alqışlayır və tezliklə dayanıqlı, davamlı sülhün olmasını istəyir. Lakin digər tərəfdən də Almaniyaya edilən yardımları 120 milyondan 250 milyona qaldırırlar. Həmin yardımlar isə silahlanmağa xərclənir, bu isə Azərbaycana təhlükə yaradır. ABŞ istəyir ki, Cənubi Qafqazdan Rusiyanı tamamilə sıxışdırıb çıxarsın. Həmçinin Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədlərində hərbi hissənin oradan çıxarılmasına çalışırlar. Buna görə də tezliklə sülh müqaviləsinin imzalanması istəyirlər ki, Azərbaycan neytrallaşdırılsın. Azərbaycan daxilində Qərbin qüvvələri sıradan çıxarılıb. Ancaq bu gün burada onların istinad edəcəyi güclü müxalif qüvvələr yoxdur. Çünki xalq xilaskar Prezidentin ətrafında sıx birləşib. Buna görə də Qərb ölkələri Azərbaycana istədiklərini etdirə bilmirlər. Bu səbəbdən də aranı qızışdırmaq üçün müxtəlif yollara əl atırlar. Lakin heç bir halda buna nail ola bilməyəcəklər”.
Müəllif: Səbinə Hüseynli