Siyasət

  • 802

Yeni geosiyasi və regional reallıqlar yaranıb

image

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər rəşadətli ordumuzun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Ölkəmizin tətbiq etdiyi hərbi-siyasi taktika bu gün beynəlxalq ekspertlər tərəfindən öyrənilir.

2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını ərazilərimizdən çıxarmadı. Buna görə 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu növbəti dəfə üzərinə düşən missiyanı şərəflə yerinə yetirərək daha bir tarixi Zəfərə imza atdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Lokal xarakterli antiterror tədbirlərinin qısa zamanda, bir gün ərzində uğurla həyata keçirilməsi ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu mühüm məqamı xüsusi vurğuladı ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz hər zaman məsuliyyətli mövqe sərgiləyib. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində bu məqamlar xüsusi qeyd edildi ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən bu məsələyə xüsusi diqqət yönəldilərək Azərbaycan dövləti haqlı narazılığını ifadə etmişdir.
Azərbaycan Ordusu növbəti Zəfəri ilə bir daha sübut etdi ki, müstəqilliyimizə, suverenliyimizə qarşı törədilə biləcək hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Lokal antiterror tədbirlərinin uğurlu nəticələri sülh müqaviləsinin imzalanması ilə bağlı bütün maneələrin aradan qaldırılmasına böyük əminlik yaradır. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir.
Əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsidir, hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir. Qısa zamanda bu torpaqlarda genişmiqyaslı işlərin görülməsi, həmin ərazilərimizin beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan seçilməsi hər birimiz üçün qürurvericidir.

Elmar Əhmədov
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Digər xəbərlər