Siyasət

  • 921

Regional sülh, əmin-amanlıq və inkişaf əsas çağırışdır

image

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər növbəti qələbələrə yol açdı. Ordumuzun 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz növbəti dəfə öz missiyasını şərəflə yerinə yetirərək tarixi Zəfərə imza atdı.

Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Ötən il sentyabrın 19-da Qarabağda ermənilər tərəfindən törədilən terror aktı Azərbaycanın dərhal lazımi addımlar atmasına səbəb oldu. Bir günlük lokal antiterror tədbirləri Azərbaycanın irəli sürdüyü şərtlərin Ermənistan tərəfindən qəbul edilməsi əsasında dayandırıldı. İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror tədbirləri zamanı da Azərbaycan tərəfi hansı şərtlər daxilində prosesi dayandıra biləcəyini açıqladı. Şərtlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin göstəricisidir.
Həmin şərtlərin qəbulu Qarabağın erməni icmasının dialoqu dəstəkləyərək məhz Azərbaycanın təklif etdiyi məkanda - Yevlax şəhərində görüşə razılıq vermələrində də özünün aydın ifadəsini tapdı. Reallıq budur ki, Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etmişdi. Lakin onlar hər dəfə bundan imtina edirdilər. Yevlaxda keçirilən görüş özündə mühüm məqamları ehtiva edir, Azərbaycanın siyasi-diplomatik müstəvidə uğuru kimi dəyərləndirilir, dövlətimizin qətiyyətli mövqeyini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində Qarabağ bölgəsində yaşayan ermənilərin bütün hüquqlarının təmin ediləcəyini, Azərbaycanın azad cəmiyyət, çoxmillətli, çoxkonfessiyalı dövlət olduğunu növbəti dəfə dünyaya bəyan etdi. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsindən bəhs edən dövlətimizin başçısı bu məqamı xüsusi qeyd etdi ki, həmin bölgələrdə bəlkə də 30 il ərzində heç bir faiz də iş görülməyib: “Hazırda elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir”.
Azərbaycanın bu günkü reallıqları, genişmiqyaslı bərpa-quruculuq işləri onu təsdiqləyir ki, bütün çətinliklərə baxmayaraq işğal dövründə ölkəmizdə möhkəm təməl yaradılıb. İndi 30 il işğal altında qalan torpaqlarımız azaddır. Bərpa-quruculuq işləri sıfırdan ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu işlər, eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülməsi ilə müşahidə edilir. Artıq 4 şəhərə və 4 kəndə qayıdış prosesi həyata keçirilir.
Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazilərini əhatə edən, yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixli prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bildirdi ki, sentyabr ayında keçirilmiş antiterror əməliyyatı növbəti dəfə Silahlı Qüvvələrimizin gücünü göstərdi. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi.

Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər