Siyasət

  • 927

Yeni zəfərlərə doğru!

image

“Rəşadətli ordumuzun ötən ilin 19-20 sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirləri tariximizə qızıl hərflərlə yazıldı. Bu antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminin kökü birdəfəlik kəsildi. Bununla da Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız növbəti parlaq zəfər qazandı”.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, biz bu tarixi zəfərə ordumuzun peşəkarlığı, döyüş ruhu, şəhidlərimizin qanı-canı hesabına nail olduq. Şanlı ordumuzun 44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bunun göstəricisidir. Antiterror tədbirləri zamanı Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastrukturlar sıradan çıxarıldı.
Fatma Yıldırımın sözlərinə görə, Ermənistan 3 ilə yaxın müddətdə Üçtərəfli Bəyanatın bir sıra müddəlarını yerinə yetirmədi. Ona görə də, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zərurətə çevrildi.
Deputat qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ordumuz humanitar qaydalara da yüksək səviyyədə əməl etdi. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən erməni silahlı dəstələri tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli dövlət bayrağımızı ucaltdı, Azərbaycanın Zəfər tarixi ölkəmizin ərazi bütövlüyünün tam bərpası ilə yekunlaşdı.
44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror tədbirləri nəticəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Beləliklə, Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarximizin şanlı səhifəsini yazdı. Qarabağda antiterror tədbirlərinin keçirilməsi dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququ idi. Beləliklə, Azərbaycan dövləti qarşıya qoyduğu bütün hədəfləri reallığa çevirdi. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Dövlətimiz və xalqımız bundan sonra da yeni zəfərlər qazanacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.

Digər xəbərlər