PDF Oxu

Siyasət

  • 1 960

Bütöv Azərbaycanımızda ŞƏHƏRLƏR GÜNÜ TƏHLİL

Bütöv Azərbaycanımızda ŞƏHƏRLƏR GÜNÜ TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək

Vətən müharibəsində 44 gün ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz böyük döyüş yolu keçdi. Dövlət başçımızın bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi: "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir".

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü göstərə bildi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sıgırt, Sukurataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", deyən Azərbaycan Prezident Cənab İlham Əliyevin bu qürürverici ifadələri tarixə həkk olundu. Cənab Prezident onu da qeyd edib ki, bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!: "Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!".

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti Azərbaycan tarixində yeni gün oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müracət xalqın tarixinə həkk olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.

AĞDƏRƏ, XOÇAVƏND, XOCALI VƏ XANKƏNDİDƏN SEPARATÇILARIN QOVULMASI İLƏ ÖLKƏMİZİN SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ TAM BƏRPA OLUNDU

Ötən ilin sentyabrın 19-da antiterror tədbirləri keçirildi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu.

1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Xocavənd şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizləndi. Müasir Azərbaycan ordusu öz gücünü, məharətini, peşəkarlığını istənilən vəziyyətdə nümayiş etdirir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı rayonunun Əsgəran qəsəbəsi öz azadlığına qovuşub. CÖtən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Əsgəran qəsəbəsi də separatçılardan təmizləndi. Bu gün orada Azərbaycan bayrağı dalğalanır.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalıda törədilən əməllər ümumbəşəri dəyərlərə tamamilə ziddir. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirmiş oldu. Ötən ilin oktyabrın 15-də dövlət başçımızın Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi bir günə çevrildi. "Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, "Xocalıya ədalət!" hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir".

"BİZ BU QƏLƏBƏNİ HƏM PEŞƏKARLIQ, QƏHRƏMANLIQ HESABINA, EYNİ ZAMANDA, MİLLİ RUH HESABINA QAZANMIŞIQ"

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncam imzalayıb. Dəyişikliyə əsasən, 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.

Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı", - deyə Azərbaycan Prezidenti bildirib.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi. "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik", - deyə Cənab İlham Əliyev bildirmişdir.

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərdi. Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı. "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir", - deyə Prezident bildirib. Cənab Prezident "Biz öz missiyamızı yerinə yetiririk", - deyərək bildirib ki, düşmənə layiqli cavab veririk: "Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"

QARABAĞ REGİONUNA 2026-CI İLƏ QƏDƏR 140 MİN İNSAN DÖNƏCƏK

Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub, işğalçı Ermənistan deyil, bütün dünya gördü. Bu gün Böyük qayıdışımız uğurla yerinə yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb və Böyük Qayıdış Proqramı qəbul edilib. Birinci mərhələdə əsas vəzifə 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində, Laçın şəhərində, Füzulidə, Şuşada əzəli sakinlər yurd salıblar. 30 ilin həsrətinə, ağrı və acısına son qoyuldu. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Həmin ərazilərin hər bir daşı, qayası, çayı bu səslər üçün qəribsəmişdi. Şəhər, kənd və qəsəbələr yenidən qurulur. Cənab İlham Əliyev bildirib ki, 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib, bir çox kəndlərin təməli də qoyulub. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

Bəli, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Uğurla sona çatan qələbəmiz işğal tariximizi Zəfərlə əvəzlədi. İşğal tarixlərimizdən illərlə acı-acı yazdıq və o tarixləri anaraq böyük sarsıntı, əzab keçirdik. Hər dəfə də qayıdacağımıza böyük ümid bəsləyirdik. 44 günlük Vətən müharibəsində əldə etdiymiz QƏLƏBƏ, ZƏFƏR artıq bizə qələbə ilə yoğrulmuş fikirləri yazmağa imkan verir. Tarixdə çox az xalqlara nəsib olan bir məqamı yaşadıq. Bu qüruru bizə, xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Nə qədər qürurlandırıcı, fərəhvericidir ki, bu gün qalib xalq olaraq işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər