Prezident İlham Əliyevin Sərəncamına əsasən, 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd ediləcək
Müstəqillik tariximizə yeni səhifə yazan Qarabağ Zəfərimizin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi. Əlbəttə ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir sıra amillər var idi. Belə ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. 2020-ci ildə bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin şahidi oldu. Düşmən döyüş meydanında darmadağın edildi. Qarşı tərəf kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ancaq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu və bu birləşmələrin Qarabağ iqtisadi rayonunda mütəmadi olaraq təxribatlar törətməsinin şahidi olurduq.
ANTİTERROR TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ LABÜD İDİ
Qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilirdi. Məlumdur ki, Qarabağa hərbi sursat və silah daşınması davam edir, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin "ildönümü" ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da isə Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror tədbirlərinin keçirilməsini labüd etmiş oldu. Həmin hadisədən öncə ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmışdılar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə "Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür" deyərək xəbərdar etmişdi. Bütün bunlara baxmayaraq, qeyd etdiyimiz kimi, bir il öncə entyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.
QARABAĞDAKI XUNTA REJİMİ DARMADAĞIN EDİLDİ
Vurğulayaq ki, Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi kimi dəyərləndirildi. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi darmadağın edildi.
NÖVBƏTİ PARLAQ QƏLƏBƏ - SUVERENLİYİN TAM BƏRPASI
Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qəhrəmanlıq tariximizdə əbədi qalacaq. Həmişə qürur duyulası səhifə kimi xatırlanacaq. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sənəddə qeyd olunduğu kimi, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
"SEPARATÇILARIN TƏSLİM OLMALARI QAÇILMAZ İDİ, LABÜD İDİ, TƏSLİM OLMASAYDILAR MƏHV OLACAQDILAR"
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almış növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar".
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Zümrüd BAYRAMOVA