PDF Oxu

Siyasət

  • 3 463

“Əsrin müqaviləsi” dövlət müstəqilliyinin dünəni, bu günü və sabahıdır

“Əsrin müqaviləsi” dövlət müstəqilliyinin dünəni, bu günü və sabahıdır

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin möhkəm dövlətçilik əzmi, qətiyyətli və ardıcıl siyasəti nəticəsində reallaşan və 1994-cü il sentyabrın 20-də imzalanan neft sazişi xalqın qurtuluş yolu oldu. Müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. 30 il əvvəli, 1994-cü il 20 sentyabrını olduğu kimi xatırlayırıq. Həmin gün- sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.

Dövlət müstəqilliyinin təməlindən bu günədək ötən zaman kəsiyinə nəzər salarkən, böyük qürurla söyləmək olar ki, “Əsrin müqaviləsi” bu xalqın qurtuluşu, xilası oldu.

Neft Azərbaycan xalqının milli sərvətidir

Bu ifadəni dəfələrlə Ümummilli Lider Heydər Əliyevin çıxışlarında eşidirdik. Bunu hətta 1994-cü ilin 20 sentyabrında Onun “Cülüstan” sarayında dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri qarşısında etdiyi nitqində də bir daha dinlədik: Neft Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən böyük milli sərvətidir. Azərbaycan qədim dövrlərdən neft diyarıdır, neft və qaz kimi təbii sərvətlərə malikdir. Buna görə də Azərbaycanı Odlar diyarı adlandırırlar.

“Əsrin müqaviləsi” imzalanan dövrdə ölkəni xaos vəziyyətinə salan, iqtisadiyyatı çökdürən ünsürlər bu müqavilənin heç də yaxşı nəticə verməyəcəyini, xalqın sərvətinin əlindən çıxacağını yazır, insanların şüuruna təsir etməyə çalışırdılar.

Yeni bir ictimai-iqtisadi formasiyaya qədəm qoyan, müstəqilliyini yenicə əldə edən, torpaqları işğal olunan bir ölkəni məhz onun milli sərvəti ilə xilas etmək olardı. Lakin bütün bunlar xarici ölkələrin neft şirkətlərini ciddi narahat etdiyindən, onlar Azərbaycan neft sənayesinə sərmayə qoymaqdan çəkinirdilər.

Bu məsuliyyətli işi isə Ulu Öndər Heydər Əliyev üzərinə götürmüşdü. Beləliklə də xalq ona inanıb hakimiyyətə gətirdiyi kimi, bu missiyanın da xalqın xeyrinə həyata keçiriləcəyinə inanırdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və sair bu inamı formalaşdıran amil idi.

Heydər Əliyev nəinki bu dövləti qoruyub saxlamağa və dirçəltməyə nail oldu, o, həm də dünya ictimaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi. Onun tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparılmağa başlandı. Belə vacib görüşlərdən birincisi 1993-cü il avqust ayının 13-də dünyanın aparıcı neft şirkətlərinin nümayəndələri ilə Bakı şəhərində keçirilmişdir.

Həmin görüşdə Ümummilli Liderimizin tarixi çıxışı bu gün də olduğu kimi xatırlanır: Bugünkü toplantı müstəqil Azərbaycan Respublikasının neft yataqlarının bundan sonra istifadə olunması problemləri ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycan qədim neft diyarıdır və Bakıda neft çıxarılmasına hələ ötən əsrdən başlanmışdır. Tarixə nəzər salsaq, böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan dünyada ilk dəfə neft hasil edən və dünyanın bir çox ölkələrinə neft məhsulları göndərən bir ölkə olmuşdur. İcazə verin, qısa da olsa, neft sənayesinin inkişaf mərhələləri haqqında bir neçə kəlmə söyləyim.

Azərbaycanda neft çıxarılmasına və emal olunmasına başlanan kimi Bakı dünyanın inkişaf etmiş ölkələrinin saysız-hesabsız neft şirkətlərinin diqqətini cəlb etmişdir. Məlumdur ki, Azərbaycanda neft çıxarılması, onun emalı ilk dövrdən həm Azərbaycanın iş adamlarının, həm də xarici şirkətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrdə Bakı dünyada bir neft məkanı kimi şöhrət tapmışdı. Sonrakı dövrü götürsək, 1920-ci ildən sonra Azərbaycan nefti keçmiş sovetlər ölkəsinin inkişafında müstəsna rol oynamışdır. O dövrün nailiyyətləri də, çatışmazlıqları da sizin hamınıza yaxşı məlumdur. Biz indi Azərbaycanın neft sərvətlərindən istifadə olunmasının, necə deyərlər, üçüncü mərhələsinə keçmişik. Əgər 1920-ci ilə qədərki dövrə nəzər salsaq, görərik ki, Azərbaycan nefti xarici ölkələrin iri şirkətləri tərəfindən istismar olunaraq daşınıb və xalq neftdən çox az mənfəət götürüb. Əgər son 70 ildəki dövr haqqında danışsaq, yenə də fikirlər müxtəlifdir. Azərbaycanın neft sərvətləri bütün Sovet İttifaqını təmin edir və eyni zamanda, Azərbaycan Respublikasına, Azərbaycan xalqına böyük mənfəət gətirirdi. Burada həqiqət var və mənə elə gəlir ki, bunu inkar etməyə və bu barədə əsassız fikirlər söyləməyə lüzum yoxdur. Tarix hər şeyi öz yerinə qoyacaqdır. Ancaq məlumdur ki, bu dövrdə Azərbaycan keçmiş Sovet İttifaqında, bütün dünyada neft akademiyası kimi məşhur idi, Azərbaycanda dünya şöhrətli neftçilər, istehsalatçılar, neft ustaları, neft və geologiya sahəsində çalışan alimlər yetişmişlər. Onlar keçmiş Sovet İttifaqının digər regionlarında da fəaliyyət göstərərək neft yataqlarının kəşfiyyatında, istismarında və hasilatının təşkilində mühüm rol oynamışlar. Biz həmin illərdə daim böyük iftixar hissi ilə qeyd etmişik ki, Azərbaycanın neftçiləri - həm alimləri, həm də neft sənayesində çalışanlar böyük sovetlər ölkəsinin hər yerində fəaliyyət göstəriblər və öz təcrübələrini, bilik və bacarıqlarını yeni-yeni neft yataqlarının aşkara çıxarılmasına sərf ediblər və bununla da, Azərbaycan neftçilərinin şan-şöhrətini aləmə yayıblar.

Bütün dünyaya məlumdur ki, ilk dəfə dənizdə qara qızıl çıxarılması Azərbaycan neftçilərinin fəaliyyəti nəticəsində həyata keçmişdir. 1949-cu ildə Neft daşlarında ilk quyunun fontanından sonra dənizdə neft çıxarılması təcrübəsindən bütün dünya istifadə etmişdir. Bu sahədə Azərbaycan neftçilərinin xarici ölkələrdə fəaliyyəti tarixdən heç vaxt silinməyəcəkdir. Sirr deyildir ki, Sovet İttifaqı 1920-1940-cı illərdə yeni bir dövlət kimi öz sənayesini məhz Azərbaycan, Bakı neftinin sayəsində inkişaf etdirə bilib. İkinci dünya müharibəsində Sovet İttifaqının döyüş qüdrətini təmin etmək üçün neft və neft məhsulları strateji rol oynayırdı və o vaxt ölkənin bu məhsullara olan ehtiyacının 75 faizdən çoxunu Bakı verirdi. Bütün bunlar tarixi həqiqətdir. Ancaq illər ötdükcə tarixi daha düzgün anlayır, ona daha real qiymət veririk. Bir daha təkrar edirəm, əgər 1920-ci ilə qədərki dövrü biz xarici ölkələrin Azərbaycan neftini istismar etdiyi bir dövr kimi qəbul etmişiksə, əgər son 70 illik dövrü yaxın illərin mətbuatında belə qələmə verməyə çalışıblar ki, guya bu dövrdə Azərbaycan nefti vəhşicəsinə talan olunub, Azərbaycan xalqına, dövlətinə heç nə çatmayıb, indi biz yeni bir mərhələdəyik. Bu tarixi dövrlərə düzgün qiymət verərək lazımi nəticə çıxarmalı, ibrət dərsi alaraq işi düzgün təşkil etməliyik.

Xarici şirkətlər anladılar ki...

Yuxarıda da vurğuladığımız kimi, bir vaxtlar bizimlə əməkdaşlıq etməyə şübhə ilə yanaşan xarici neft şirkətləri bir neçə il sonra artıq bu fikirdə deyildilər. Bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dövlətimizin başçısı İlham Əliyev deyirdi: “Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır. Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir.

Ondan sonra neft-qaz kəmərləri inşa edilməyə başlanmışdır. Bakı-Novorossiysk kəməri yenidən quruldu. Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı. Bakı-Tbilisi-Ceyhan, - hansı ki, Ulu Öndər Heydər Əliyev özü şəxsən bu kəmərin təməlini qoymuşdu, - 2006-cı ildə biz tərəfdən uğurla başa çatdırıldı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi və Azərbaycan öz təbii qazını ixrac etməyə başladı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanmışdır. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Keçən il biz böyük təntənə ilə həm TANAP-ı, həm Cənub Qaz Dəhlizini rəsmi şəkildə açdıq və bu gün TANAP uğurla fəaliyyət göstərir.

Neft kapitalı insan kapitalına çevrildi

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və 30 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

“Əsrin müqaviləsi”ndən ötən dövrdə Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilmiş, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu gün 2003-cü illə müqayisədə ölkədə ümumi daxili məhsul istehsalı 3,6 dəfə artaraq 123 milyard manata çatıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara yüksəlib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard dollar investisiya cəlb edilib. Xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın artıb.

Dövlət büdcəsi 30 dəfəyədək çoxalıb, büdcənin sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində rolu yüksəlib. Ötən dövrdə sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksəlib.
Ölkəmizin 20 faizdən arıq torpaqlarının Ermənistan tərəfindən 30 il müddətində işğal altında saxlandığını, minlərlə qaçqın və məcburi köçkünümüzün olduğunu da nəzər alsaq, neft, bəli, xalqımızın xilası oldu. Belə ki, ötən müddət ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrılıb.
Təbii ki “Əsrin müqaviləsi” ilə artan iqtisadi gücümüz torpaqlarımızın düşmən işğalından azad edilməsində də əvəzsiz rol oynayıb. Milli ordumuzun dirçəldilməsinə dövlət büdcəsindən ayrılan xərc illər sonra bəhrəsini verdi. Belə ki, ordumuz təkmilləşdirildi, təchizatı gücləndirildi və nəticə etibarilə torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Və bu gün soydaşlarımızın ata-baba yurduna Böyük Qayıdışı da ölkəmizin iqtisadi imkanları və bu imkanların təməl daşı olan milli sərvətimiz- neft hesabına həyata keçirilir.

Bir dövlət üçün əsas məsələlərdən birinə də nəzər salmaq yerinə düşər. Belə ki, dövlətlərin gələcək inkişaf perspektivlərini yalnız onların malik olduğu zəngin təbii sərvətlər deyil, həm də ölkənin elmi-mədəni, intellektual potensialı və eyni zamanda, bütün bunlardan yüksəkdə dayanan insan kapitalı müəyyənləşdirir. Ona görə də Azərbaycan özünün inkişafında yalnız təbii sərvətlərin gətirdiyi gəlirlərə deyil, həm də neft kapitalının insan kapitalına çevrilməsinə böyük əhəmiyyət verir, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır.

2050-ci ilədək...

Azərbaycanın neft strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyev hələ 1997-ci il noyabrın 12-də “Çıraq” platformasında ilkin neftin çıxarılmasına həsr olunmuş mərasimdə demişdir: “Bizim imzaladığımız müqavilələrin hamısı təxminən 30 il müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, bu müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm Azərbaycan üçün, həm də Azərbaycanla müştərək iş görən şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir”.

Dövlət xadiminin bütün sahələrdə olduğu kimi, neft strategiyasında da uzaqgörənliyinin bir daha şahidi olduq. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasiminin keçirilməsi və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin 2050-ci ilədək uzadılması bunu sübut edən amildir.

Deməli, ötən 30 il ərzində neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, onun vaxtı daha da uzadılır. Bu, həm də Heydər Əliyev siyasətinin uğurlu davamı deməkdir.

Neft, qaz tükənən, lakin intellektual potensial, bilik, savad, səriştə, təcrübə dəyişməz sərvətdir

“Əsrin müqaviləsi”nin imzalandığı gün həm də ölkəmizdə Neftçilər Günüdür. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilməsi rəsmiləşdirilib.

Neftçi kadrlarla bağlı cənab İlham Əliyevin dəyərli fikirlərini xatırlayaq: Bir məsələni də qeyd etmək istəyirəm. “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər.

Beləliklə, bu layihə ilə həm müstəqilliyimizin dünənindən bu günə kimi gələn yol, həm ölkənin iqtisadi göstəriciləri, statistik faktlar, əldə etdiyimiz böyük Zəfər Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi. “Əsrin müqaviləsi” bu gün dövlət müstəqilliyimizin mühüm təminatıdır. Odur ki, taleyimizin dəyişməsinə səbəb olan bu müqavilənin daha uzunömürlü olmasını arzulayırıq. Neftçilər Günü münasibətilə gecəli-gündüzlü bu ağır və böyük zəhmət tələb edən işlə məşğul olan hər bir neftçimizi ürəkdən təbrik edirk və onlara can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Mətanət Məmmədova

Digər xəbərlər