2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat çəkən bu hərbi əməliyyatla Azərbaycan ərazilərində 200 il idi davam edən erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin suverenliyi təmin edildi. Bununla da möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin növbəti şərəfli səhifəsi yazıldı.
Qeyd edilən bu antiterror tədbirləri Vətən müharibəsində qazandığımız tarixi Zəfərin məntiqi davamı oldu. Dövlətimizin, xalqımızın qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edildi, sözdən və sülhdən anlamayan düşmən döyüş meydanında ordumuz tərəfindən layiqli şəkildə cəzalandırıldı. Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək bildirib ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”. Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması bir daha sübut etdi ki, artıq şanlı tariximizdir. Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak etdilər və buraya böyük həvəslə gəlmişlər.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri