PDF Oxu

Siyasət

  • 1 345

Azərbaycanın qətiyyətli Sərkərdəsi və güclü ordusu var! TƏHLİL

Azərbaycanın qətiyyətli Sərkərdəsi və güclü ordusu var! TƏHLİL

Prezident İlham Əliyev:"Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq”

Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. Dövlətimizin başçısı birinci nömrəli vəzifənin hərbi gücümüzün artırılması olduğun bildirib: "Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: "Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər".

Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Əlbəttə ki, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı, xalq-iqtidar birliyi və ən əsası da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanı təəccübləndirən 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazdıq. Bu böyük Zəfər Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi.

Daha sonra, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni şəkildə Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Təqribən, bir gün davam edən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. 2020-ci ilin sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki vətəndaşlarımızın həlak olması, elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın şəhid olması Azərbaycan Respublikasını öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün lokal xarakterli antiterror tədbirlərinə başlamağa vadar etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi.

"QƏLIBƏMİZİ HƏZM EDƏ BİLMƏYƏN XARİCİ DAİRƏLƏR BİZƏ QARŞI YENİ PLANLAR HAZIRLAYIR"

Dövlətimizin başçısı Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını diqqətə çəkib: "Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır". Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir".

Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi və üçrəngli bayrağımız yolumuzu gözləyən torpaqlarımızda dalğalandı.

"Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır", - deyən Prezident əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayıb: "Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur".

"İSTƏNİLƏN CAVABI VERMƏYƏ HAZIRIQ, BUNA QADİRİK VƏ HƏR ZAMAN BUNA HAZIR OLMALIYIQ"

Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

"İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, komanda qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq", - deyə Prezident bildirib.

Ordumuzun döyüş qabiliyyətinin artdığını, texnika ilə təchizatın lazımi səviyyədə təmin edildiyini və ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib: "Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".

"BİZ GÖZLƏYİRDİK Kİ, ERMƏNİSTAN ÖZ ŞƏRHLƏRİNİ DAHA OPERATİV VƏ ÇEVİK BİZƏ VERƏCƏK"

Prezident İlham Əliyev çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlətimizin başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində, məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib: "Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. ... aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi". Dövlətimizin başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verdiyini vurğulayıb.

"Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir", - deyən Prezident qeyd edib: "Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır".

"MÜHARİBƏDƏN SONRA BU İLİN SONUNA QƏDƏR XƏRCLƏNİLMƏSİ NƏZƏRDƏ TUTULAN VƏSAİT 19 MİLYARD MANATDIR”

İyirmi birinci yüzilliyin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında əsas şərtlənirici amil oldu. Təbii ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında qalib ölkə olduğunu göstərə bildi.

Bu gün güclü Azərbaycan Ordusunun qələbəsi keçmiş köçkünlərin doğma yurdlarına qayıtmasına səbəbdir. "Müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib", - deyə Prezident bildirib. Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.

Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri böyük vüsət alıb. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda 2026-cı ilin sonunda 22 min insan təkcə Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşayır. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır və yaşından asılı olmayaraq hər bir insanın rahatlığı, firəvanlığı təmin olunub.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər