Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyəti sayılır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.Bu günlərdə xalqımız daha bir qürurlu bayram gününü qeyd edir. Bu il sentyabrın 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Gəlin birlikdə bu qürur, şərəf dolu zəfər tariximizə qısaca nəzər salaq. 44 günlük zəfər müharibəsindən sonra doğma Xankəndidə yuva salmış erməni separatçılarının tərksilah edilməsi, Azərbaycanın bütün ərazilərinin erməni terror qruplaşmalarından təmizlənməsi vacib məsələ kimi qarşıda dayanmışdı.
Çünki Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma «prezident»lərini seçir, qondarma «parlament»lərinin adından dövlətimizə qarşı sərsəm bəyanatlar verirdilər.
Həmin günlərdə, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.
Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı. Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20-də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Dövlətimizin başçısı, Ali Baş Komandan Prezident İlham Əliyev öz çıxışlarında tarixi qələbəmizə xor baxanlara, Azərbaycana qarşı düşmən mövqeyi tutanlara xəbərdarlıq etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"
Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Unutmayaq ki, Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Prezident İlham Əliyev bir neçə gün bundan öncə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Dövlət Suverenliyi Günü ilə bağlı öz fikirlərini diqqətə çatdırıb. SİTAT: “Bu günü (Dövlət Suverenliyi Günü – red.) biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək.
Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, - dövlət başçısı vurğulayıb.
Suverenliyimizi təmin etdiyimizə görə artıq dünyada bizə olan hörmət daha da yüksəlib, Azərbaycanın beynəlxalq aləmdə imici artdı. Bu mənada biz artıq tamhüquqlu, suveren hüquqi dövlətik. Ərazi bütövlüyümüz də tam təmin olunub. 30 il ərzində müstəqilliyimizin tam təmin olunmasına nail ola bilməmişdiksə, 44 günlük Vətən müharibəsi, həm də 23 saatlıq antiterror əməliyyatı nəticəsində buna nail olduq. Əlbəttə, bu günün təsis edilməsinin, bayram günü kimi qeyd edilməsinin həm də böyük bir tarixi və mənəvi vətənpərvərlik əhəmiyyəti var. Gənc nəslə həmişə bu barədə danışılacaq, məktəbdə dərslər keçiriləcək. Eyni zamanda müəyyən tərbiyəvi işlərin, vətənpərvərlik tərbiyəsinin aparılmasında da cənab Prezidentin Sərəncamına istinad olunacaq. Bu, Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi yaddaşımızda qalacaq, nəsildən-nəslə ötürüləcək. Həmin dövrdə qəhrəmanlıq göstərərək şəhid olanlarımız da yad ediləcəkdir, onlara Tanrıdan rəhmət dilənəcək, xatirələri xalqımızın qəlbində əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi "Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olmuşdur!"
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri