PDF Oxu

Siyasət

  • 2 074

27 sentyabr – Zəfərə aparan yolun başlanğıcıdır ŞƏRH

image

İkinci Qarabağ savaşının başlandığı 2020-ci il 27 sentyabr tarixindən dörd il ötür. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi təsis olunub. Azərbaycanı Zəfərə aparan 44 günlük yolun başlanğıcı olan bu tarix özündə bütün məqamları ehtiva edir. Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 27 sentyabrı Anım Günü kimi bəyan etməklə, xalqımızı bu günün işığında bir daha birləşdirdi..

Cənab Prezident 27 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində bildirirdi ki, "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bəli, 27 sentyabrdan qələbəyə gedən yol cəmi 44 gün davam etdi. Və 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövlətin aqibəti "Dəmir yumruğ"un başlarına dəyərək əzilməsi, əyilməsi, diz çökərək kapitulyasiya olmasıdır. Azərbaycan 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman haqlı mübarizəsindən geri dönmədi. Ali Baş Komandanımız ən yüksək tribunalardan erməni yalanlarını ifşa etdi, dünyaya sözün əsl mənasında tarix, hüquq və milli qürur dərsi keçdi. Təəssüflər olsun ki, əksər dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar bu realllıqları dərk etmək istəmədilər. Və Ermənistan bu dəstəyə o qədər arxalandı ki, yeni ərazilər uğrunda müharibə planları hazırladı və 2020-ci ildə mütəmadi olaraq hərbi təxribatlar törətməklə bu planını açıq-aşkar büruzə verdi. İkinci Qarabağ müharibəsi başlamadan əvvəl, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu tribunadan dünyaya Ermənistanın müharibə planı hazırladığını çatdırdı. Dünya gücləri bunu eşitsə də susmağa üstünlük verdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Və başlanan İkinci Qarabağ müharibəsində igid oğullarımız Ali Baş Komandanın "Dəmir yumruq" siyasəti ilə canları, qanları ilə Zəfər tarixini yazdılar. Və bir daha sübut etdilər ki, torpağımızın 30 il bu murdar işğalçılardan xilas etmək üçün, haqqımızın, ərazi bütövlüyümüzün bərqərar olması üçün Zəfər uolunda şəhid olaraq, yenilməz, məğrur xalq olduqlarını dünyaya nümayiş etdirdilər. Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Və bir daha Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr Anım Günündə xalqa etdiyi müraciət bizi hər an Qalib xalq olaraq bir daha duyğulandırır, qürurlandırır! Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyuruq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müraciətində ilk növbədə şəhidlərimizi – canı, qanı bahasına bu qələbənin qazanılmasında iştirak etmiş əsgər və zabitlərimizi hörmət və ehtiramla andı. Əsgər və zabitlərimizin qəhrəmanlığını, igidliklərini yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev geniş və əhatəli müraciətində olduqca mühüm məqamlara toxundu, önəmli mesajlar verdi: "Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın", "44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik", "44 gündən sonra – artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!", "Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib".

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: "Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir".

Məhz Müzəffər Azərbaycan ordusunun gücü, potensialıdır ki, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Ölkəmizin ordu quruculuğu və müdafiə sahəsində atmış olduğu addımlar təhlükəsizliyimizin təminatına əsaslanır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib. Ölkəmizin mürəkəb bir regionda yerləşməsi və təcavüzə uğraması ordu quruculuğuna xüsusi diqqəti vacid edib. Məhz Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda ordu quruculuğu istiqamətində zəruri addımlar atılıb. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Bu gün 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyuldu. Bu Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılmasının nəticəsidir ki, bu gün regionda ən güclü ordu məhz Azərbaycan ordusudur. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Məhz Qalib Azərbaycan ordusunun rəşadəti nəticəsində ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Dövlət başçısı çıxışlarında da dəfələrlə vurğulayıb ki, Ermənistan bu gün dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir: "Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Ona görə də Ermənistan rəhbərliyi öz xalqını aldatmaq məqsədilə cəbhədə dövri olaraq təxribatlar törədir, atəşkəsi gündə on dəfələrlə pozur. Bu isə tələb edir ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənsin və daha da qüdrətli olsun. Biz buna nail oluruq".

Göründüyü kimi, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Və çox böyük qürurverici haldır ki, bu dəfə də Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayş etdirdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır. Və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək. Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, bu problemin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, Qarabağ məsələsinin hərbi həlli var. Daha sonra ordumuzun 23 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən biz 3200-dən çox şəhid verdik. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Bu gün onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr - Anım Günündə də bütün xalıqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.

Dövlət başçımızın söylədiyi kimi: «Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!".

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Digər xəbərlər