Prezident İlham Əliyev: “Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var”
Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilib. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində yeni layihələrin həyata keçirilməsinə start verilir. Füzüli, Şuşa, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Artıq bildiyimiz kimi, Füzuli və Zəngilanda beynəlxalq hava limanları qısa bir zamanda tikilərək istifadəyə verildi. Laçında isə beynəlxalq hava limanının tikintisi davam etdirilir. Görülən irimiqyaslı işlər bu ərazilərin müasir bir şəhərə çevriləcəyindən xəbər verir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. Əlbəttə ki, həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimiz müasir tələblər çəçivəsində yenidən qurulur.
Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə böyük işlər reallaşır. Azərbaycan sosial layihələrini uğurla reallaşdırır və işğaldan azad olunan ərazilərdə silsilə və kompleks tədbirlər həyata keçirilir. Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi, eləcə də Laçında Güləbird kəndində Su Elektrik Stansiyası istifadəyə verilməsi bu ərazilərdə quruculuq işlərinin aparılmasından bir xəbərdir. Laçın rayonu işğaldan azad olunandan bir neçə ay sonra istismara verilən Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyasıdır. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AĞDAMDA ƏN MÜASİR STANDARTLARA CAVAB VERƏN HOTEL
Azərbaycan Prezidenti mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfərlər edir və bu məkanlarda görülən işlərlə tanış olur, yeni məkanların, obyektlərin təməlini qoyur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhərinə səfəri zamana "Aghdam City Hotel"in açılışında iştirak edib. Hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq vardır. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. "City Hotel"də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb. Prezidentin dediyi “Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var”, - fikri reallığa cevrilir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.
EYVAZXANBƏYLİ KƏNDİNƏ 1563 NƏFƏR KÖÇÜRÜLƏCƏK
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.
Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
KƏNGƏRLİ KƏNDİNDƏ 292 FƏRDİ EV İNŞA EDİLİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Qeyd edilib ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir. Kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.
SAHİBKARLIQ FƏALİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN ƏLVERİŞLİ İNVESTİSİYA MÜHİTİ
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.
Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarıdır.Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub və yeni zavodların açılış mərasimlərində iştirak edib. Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır.
Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. Bunun nəticəsidir ki, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
YARADILAN YENİ İŞ YERLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev sənaye parkında əvvəlcə "BAFCO İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak edib. "BAFCO İnvest" MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
Dövlətimizin başçısı "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak edib. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Burada da işçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
İNVESTİSİYA DƏYƏRİ 8,92 MİLYON MANAT OLAN MÜƏSSİSƏDƏ 60 NƏFƏRLİK İŞ YERİ
Ağdam Sənaye Parkının rezidentlərindən biri olan "Rail Trans Service" Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında dövlətimizin başçısı iştiak edib. Sənaye parkının 1,6 hektar ərazisində "Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı" layihəsini həyata keçirəcək.
İnvestisiya dəyəri 8,92 milyon manat olan müəssisədə 60 nəfər işlə təmin ediləcək. İşçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Ağdam Sənaye Parkında, həmçinin "Metkons" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. "Prof-Dam" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun açılışıvə s. yeni istehal müəssisələrinin açılışı iş yerlərin yaradılması ilə bərabər Ağdamda yenidən qurulan həyatın təzahrüdür. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində abadlıq-quruculuq işləri ardıcıl layihələr əsasında davamlı olaraq həyata keçirilir.
Zümrüd BAYRAMOVA