İkinci Fəxri Xiyabanda 2023-cü il 24 sentyabr tarixində Ağdamda düşmən təxribatı nəticəsində şəhid olan polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun şəhadətinin ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonunun hüquq mühazifə orqanlarının rəhbərləri, Yasamal Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində çıxış edənlər şəhid polkovnik-leytenant Əkrəm Şadmanov həyat və fəaliyyəti haqqında xoş xatirələrini bölüşərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzlüb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları, şəhadətindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!