PDF Oxu

Siyasət

  • 4 650

“Erməni kilsəsi yeni müharibəyə çağırır” - Əcnəbi ekspertlər

“Erməni kilsəsi yeni müharibəyə çağırır” - Əcnəbi ekspertlər

“Katolikos ümumilikdə Azərbaycanı yeni müharibə ilə hədələyir, xüsusən də hansısa qələbəyə, bunların geri qaytarılmasına çağırışlar çoxdur”

Ermənistanın Müstəqillik Günü münasibətilə bütün ermənilərin katolikosu II Karekin yenidən Azərbaycana qarşı ərazi iddiaları səsləndirib. “Artsax işğal olunub, Artsaxın uşaqları məcburi köçkün vəziyyətinə düşüb və Ermənistanın sərhədlərində sülh qeyri-sabitdir. Biz yenidən təhlükəsizlik problemləri və yeni təhdidlərlə üzləşmişik. Dövlətimizi gücləndirmək, xarici və daxili çağırışlara tab gətirmək üçün şanlı qələbələrə və uğurlara yol açmaq üçün həmrəy olmaq son dərəcə vacibdir”,- II Qareginin müraciətində deyilir.

Gördüyümüz kimi, Eçmiədzin hələ də Azərbaycanın bir hissəsini Ermənistan dövlətinin mülkiyyəti hesab edir. Xarici politoloqlar bu haqda nə düşünür? Erməni ruhanilərinin iştahını və “yeni qələbələr” çağırışlarını necə qiymətləndirirlər?

“Azərbaycanın ərazisini 30 il işğalda saxlayanın Ermənistan olduğunu unudublar”

Belaruslu politoloq, siyasi elmlər namizədi Svetlana Korniçenkonun fikrincə, erməni katolikosunun müraciəti göstərir ki, o və erməni kilsəsi hansısa başqa reallıqda, indiki vaxtdan ən azı bir neçə il ayrılmış aşkar keçmişdə mövcuddur. Caliber.Az-la söhbətində o, belə bir çıxışın ölkədə siyasi və sosial gərginliyə səbəb ola biləcəyini qeyd edib.

“II Qareginin mesajı göstərir ki, o, heç bir şəkildə bəyanatlarını Ermənistanın siyasi reallığı ilə, Qarabağ bölgəsini Azərbaycanın bir hissəsi kimi tanıyan və bu mövzuya qayıtmamağa çağıran baş nazir Paşinyanın bəyanatları ilə əlaqələndirmir. Yəni erməni ruhanilərinin fikrincə Qarabağ erməni torpağıdır. Üstəlik, katolikosun “işğal” sözünü işlətdiyini görürük ki, bu da daha çox çaşqınlıq yaradır. Sual olunur ki, Azərbaycanın bu ərazisini təxminən otuz il əvvəl işğal edib öz nəzarətində saxlayan Ermənistan deyildimi?

Bəyanatın mətninin qalan hissəsinə əsasən belə qənaətə gəlmək olar ki, Ermənistan dövlətində həqiqətən də rəsmi hakimiyyət, ictimai və dini təşkilatlar arasında tam fikir ayrılığı var. Hər kəs istədiyini deyir. Müraciətin mətninə diqqətlə baxsanız, görünə bilər ki, katolikos ümumilikdə Azərbaycanı yeni müharibə ilə hədələyir, xüsusən də hansısa qələbəyə, bunların geri qaytarılmasına çağırışlar çoxdur; Artsaxın uşaqları” - deyəsən bu müraciətdən belə bir son nəticə çıxır.

Məlumdur ki, ən azı formal səviyyədə Ermənistan hakimiyyəti ilə erməni kilsəsi arasında dialoqda ciddi problemlər var, lakin görünür, ölkə hökuməti öz mövqeyini erməni ruhanilərinin mövqeyi ilə əlaqələndirməyə başlamalıdır. Çünki belə dissonans erməni cəmiyyətinin vətəndaş təbəqələşməsi, müxtəlif baxış və qüvvələrin kəskin toqquşması üçün ilkin şərt ola bilərdi. Qonşu Azərbaycanla yarana biləcək siyasi fəsadları demirəm”,- Korniçenko vurğulayıb.

“Katalikos xristian dəyərlərini təbliğ etmir, sülhə çağırmaq əvəzinə, müharibəyə çağırır”

Qazaxstanlı politoloq Azat Axmetovun fikrincə, ilk diqqəti çəkən erməni katolikosunun mövqeyinin nə qədər barışmaz və hətta aqressiv olmasıdır.

“Şəxsən mənim üçün narahatedici faktor odur ki, ölkənin ruhani, dini lideri, əslində, hər hansı bir xristian keşişinin çağırdığı kimi sülhə çağırmır, əksinə, daha çox müharibəyə çağırır. Bu cür bəyanatları həm də erməni dini liderinin həm xaricdən olan, həm də daxili rəqiblərinə göndərdiyi bir növ zəhərli mesaj kimi də qiymətləndirmək olar. Xüsusən də Ermənistanın baş naziri Paşinyana. Çünki bu bəyanat bir çox məqamlarda Paşinyanın dedikləri ilə ziddiyyət təşkil edir və ola bilsin ki, Ermənistan rəhbərliyi II Qareginin dediklərinə görə izahat verməli olacaq.

İlk baxışda ruhani, dini lider deyilənlərə görə sözün tam mənasında birbaşa məsuliyyət daşımır, çünki o, rəsmi siyasi xadim deyil, ancaq bu, ilk baxışdan belədir. Və biz bunu mükəmməl başa düşürük. Əlində silah olan erməni keşişinin obrazı müxtəlif dövlətlərin və xalqların nümayəndələrinin, xüsusən də Qarabağ probleminə bələd olanların bir neçə dəfə gözlərini qamaşdırıb, ziddiyyətli hisslər oyadıb.

Bu mərhələdə belə bir fikir yaranır ki, erməni kilsəsinin baxışları heç də dəyişməyib- o, əsl xristian dəyərlərini təbliğ etmir, əksinə, “müharibə partiyası”nın maraqlarını ifadə edir, onun məqsədlərinə erməni cəmiyyətinin müəyyən bir hissəsi, siyasi partiyalar və hətta Ermənistan rəhbərliyi hələ də sadiqdir”,- A.Axmetov bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər