Azərbaycana qardaş və dost dövlətlərdən olan Pakistan hər zaman ölkəmizin yanında olub. Bu münasibətlər qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları daim Pakistan xalqı, dövləti tərəfindən pislənilmişdi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi fəaliyyət göstərir. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib.
Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Onu da qeyd edək ki, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
ƏMƏKDAŞLIĞIMIZIN MÜHÜM ELEMENTİ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİMİZİN HƏQİQİ NÜMAYİŞİ
Dövlətlərarası rəsmi səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. 2020-ci ilin 27 sentyabrında ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını təsiqlədilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirmişdir: "Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər".
Xatırladaq ki, paytaxt Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş – 2021" beynəlxalq təlimi bu münasibətlərin təməlinin möhkəmliyini göstərdi. Bu gün artıq Pakistan da Azərbaycana yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır.
Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.
"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN KEÇƏN DÖVR ƏRZİNDƏ ÖZ HƏRBİ GÜCÜMÜZÜ BÖYÜK DƏRƏCƏDƏ ARTIRMIŞIQ"
Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda, Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib:"İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir".
Milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda, xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması da xüsusi vurğulanmalıdır.
"BİZ BU GÜN SİLAHLI QÜVVƏLƏRİMİZİ VAHİD PROQRAM ƏSASINDA İNKİŞAF ETDİRİRİK"
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlər ölkəmizi zirvələrə yüksəltmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində də kifayət qədər əhəmiyyətli tədbirlər həyata keçirilib. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti son illərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, müasir mütəşəkkil ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. Belə ki, ilk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı və hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Ümummilli Lideri Heydər Əliyevin sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Həmin dövrdə Bakıda iki ali hərbi məktəb var idi: Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin nəticəsi olaraq Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbi açıldı və qısa zaman məsafəsində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Beləliklə, orduda peşəkar hərbçilərin sayı da artdı. C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, eləcə də sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsi öz nəticəsini vermiş oldu.
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Müasir dövrümüzdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Ölkəmizdə istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillər sırasındadır.
Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfərimizi tariximizə həkk etdi. Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".
Zümrüd BAYRAMOVA