Tarixin elə bir dövrü yoxdur ki, Azərbaycan xalqı çətinliklərlə üzləşməsin, gərgin və ağır sınaqlardan keçməsin. Lakin ən ağır zamanında belə əyilməyib, məqsəd və hədəfindən yayınmayıb. Bu qətiyyəti və mübarizliyi sayəsində Azərbaycan xalqı 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyini əldə edib, BMT-də 193 dövlət arasında özünə layiq yer qazana bildi. Təəssüflər olsun dövlət müstəqilliyinin əldə edilməsindən az sonra hakimiyyət uğrunda böyük savaş başlamışdır. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Ölkə daxili vəziyyətin idarə olunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq üçün ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Birmənalı mövqe ondan ibarətdir ki, Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevdir
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın sosail-iqtisadi qüdrətinin artmasına təkan oldu. Əfsanə kimi görünən "Əsrin müqaviləsi" Azərbaycana dünya miqyasında böyük və inanmaz siyasi, iqtisadi dividentlər gətirdi. Məhz bundan sonra dünya arenasında Azərbaycanla iki və çoxtərəfli müqavilələrin sayı artdı. Əksər dövlətlər, nüfuzlu maliyyə qurumları ölkəmizlə əməkdaşlığa can atdı. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünya görüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı digər sahələr də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nailı olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Yeni və qüdrətli Azərbaycan uğrunda
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına böyük qələbələr gətirdi. Bu gün də xalqımız xöşbəxtdir. Çünki Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfində uğurla davam etdirilir. 2003-cü ildən ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev xalq və dövlət üçün gördüyü işlərdən məmnun olduğunu dəfələrlə çıxışlarında qeyd edib: "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı". Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətinin kulminasiya nöqtəsi 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti nəticəsində düşmən orduları darmadağın edildi və torpaqlarımız azadlığına qovuşdu. Ötən ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Xankəndi və digər ərazilərdə yuva salan terrorçular məhv edildi. Terrorçuların əsas rəhbərləri isə həbs edilərək istintaq orqanlarına təhvil verildilər. Yaxın günlərdə isə onlar məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar.
Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli Bayrağımızı ucaltdıqdan sonra qalib Azərbaycan xalqına müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”. Bu gün işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq, təmir, tikinti işləri aparılır. İnsanlar öz doğma yurd-yuvalarına qayıdıb, əvvəlki normal həyatlarını bərpa edirlər. Bu qayıdış hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Əsaslı olaraq Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”. Əhalinin sosial vəziyyətinin yaxşılaşması isə davamlı xarakter daşıyır. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Şəhid ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının götəricisidir. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Ötən dövr ərzində şəhid ailələrinə və qazilərə 13560 mənzil və fərdi ev verilib. Qazilər avtomobillərlə təmin olunub, xarici ölkələrdə müalicə və müayinələri təmin edilib.
Təbii ki, görülən və həyata keçirilən möhtəşəm işlər bundan sonrada davam etdiriləcək. Çünki xalqın və dövlətin maraqlarına söykənən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bizlərdən məhz yeni-yeni uğurlar və nailiyyətlər qazanmağı tələb edir. Azərbaycan dövləti var olduqca Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dəyişməyəcək. Dünya və dünyanın bir hissəi olan Azərbaycan dövləti var oduqca Prezident, Fateh Sərkərdə İlham Əliyevin 200 illik məğlubiyyətlərə son qoyub, bizlərə Qarabağı qaytarıb, böyük qürur yaşadan hərbi qələbəsi və uğurlu siyasəti ilə qazanılan sosial –iqtisadi nailiyyətləri unudulmayacaq və daim kitablarda, xüsusilə də orta və ali məktəblərin dərsliklərində əks olunacaq, öyrəniləcək və təbliğ ediləcək.
İLHAM ƏLİYEV