VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, habelə bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirən tarixi yol xəritəsi hesab olunmalıdır. Xüsusən də Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu möhtərəm Prezidentin qeyd olunan çıxışında konseptual şəkildə inikas edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinin parlamentdəki çıxışında toxunduğu məqamlardan biri də Vətən müharibəsindən sonrakı dövrdə qazanılan uğurlarımızla bağlıdır. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Cari ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir və çox böyük uğurdur. Prezident İlham Əliyevin proqram xarakterli nitqində ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilir və əsaslandırılır. Təbii ki, bunlardan ən birincisi təhlükəsizlik məsələsidir. Vətən müharibəsi və antiterror əməliyyatının nəticələri qarşımızda yeni çağırışlar və vəzifələr qoyur. Bunlardan ən birincisi və mühümü milli təhlükəsizliyin təmin edilməsi, hərbi gücümüzün artırılması məsələsidir. Çünki dünyada gedən proseslər, Ermənistanda baş qaldıran revanşizm meyilləri bu sahəyə daim diqqət göstərilməsini zəruri edir.
Dövlətimizin iqtisadi baxımdan heç kimdən asılı olmamağı siyasi müstəqilliyimizi də təmin edib. Belə ki, müharibənin başa çatmasından keçən dövr ərzində ərazilərin yenidən qurulması və bərpası qarşımızda dayanan əsas vəzifələrdəndir. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması üçün cari ilin sonuna qədər dövlət büdcəsindən ayrılan vəsait 19 milyard manat olacaq. Ermənilərin 30 ildə məhv edərək viran qoyduqları şəhər və kəndləri heç bir xarici kömək olmadan öz gücümüzlə yenidən qurub bərpa edirik. Xüsusilə vurğulamalıyıq ki, işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpasında təkcə Özbəkistanın və Qazaxıstanın Füzulidə inşa etdikləri məktəb və yaradıcılıq mərkəzi, Qırğızıstanın Ağdamda tikməyə davam etdiyi orta məktəb istisna olmaqla heç bir dövlət və ya beynəlxalq təşkilat ölkəmizə maddi dəstək göstərməyib.
Amma dünya təcrübəsində müharibədən sonra dağıdılmış yaşayış məntəqələrin yenidən qurulması və bərpasına beynəlxalq təşkilatlar qrantlar ayırır və maliyyə dəstəyi göstərirlər. Bu məsələ Azərbaycana çatanda isə hamı susur. Hətta işğala məruz qalan ərazilərimizin viran qoyulmasına baxmayaraq, bizi günahkar çıxartmağa çalışırlar. Bu da bəzi qərb ölkələrində ikili standartların, islamofobiya və anti-Azərbaycan fikirlərinin dərinləşməsinin göstəricisi hesab oluna bilər.
Dövlətimizin başçısının müəyyən etdiyi vəzifələrdən biri də hərbi sənaye kompleksinin yaradılmasıdır ki, bu da ölkəmizin hərbi gücünün artmasına, məhsulların idxalından asılılığımızın azalmasına və ixrac potensialının artmasına xidmət edəcək. Bu gün Azərbaycan ondan çox ölkəyə hərbi sənaye məhsullarını ixrac edir. Qəbul olunmuş qanunvericiliyə əsasən hərbi sənayesi sahəsində özəl-dövlət müştərək istehsal sahələrinin yaradılması imkanları nəzərdə tutulub. Məhz belə yeni iqtisadi modelin hərbi sənaye kompleksinin inkişafına tətbiq olunması çoxçeşidli istehsala və ixracın diversifikasiyasına yol açacaq.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil NazirliyininFiziologiya İnstitutuüzrə Ərazi partiya təşkilatının sədri