PDF Oxu

Siyasət

  • 3 833

Şəhidlərimizə ehtiramın ifadəsi ŞƏRH

Şəhidlərimizə ehtiramın ifadəsi ŞƏRH

2020-ci ilin 27 sentyabr tarixindən artıq dörd il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27 - də Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusunun Ermənistanı ağ bayraq qaldırmağa məcbur etməsi, diz çökdürməsi böyük sınaqdan şərəflə, ləyaqətlə çıxmağımızla nəticələndi.

Tariximizdən bizə məlumdur ki, erməni millətçiləri Azərbaycana və azərbaycanlılara qarşı 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasətinin ağır nəticələrini zaman-zaman yaşamışıq.Ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı Ermənistanın təcavüzkar siyasətinin davamı idi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmış, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, mövcud münaqişənin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin dondurulmasına çalışdı və nəticə etibarilə aparılan danışıqlar nəticəsiz qaldı. Münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr kağız üzərində qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoyulmadı.Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edərək, Zəfər tarixini yazdı. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi "Qarabağ Azərbaycandır!" kəlamı qısa bir zaman ərzində təsdiqini tapdı. "Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir"- deyə Azərbaycan Prezidenti çıxışlarında bildirmişdir.Azərbaycan siyasi arenada, döyüş meydanında misilsiz uğura imza ataraq Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayaraq, haqq savaşında Zəfərimizi qazandıq. Siyasi gücə, iradəyə malik Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti xalqımızı Müzəffər, Qalib xalq kimi dünyaya tanıtdı və Zəfər qazanmış xalq olaraq dünya hərb tarixinə yeni bir səhifə açdıq. Əlbəttə ki, Azərbaycan Prezidentinin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı.Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsindən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində bir nümunəyə çevrildi. Azərbaycan xalqının əzmi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Bu tarixi Zəfərin qazanılmasında minlərlə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. 2 dekabr 2020 - ci il tarixində dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü təsis edildi. Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu, şəhid ruhlarına, onların doğmalarına ali ehtiramın daha bir göstəricisidir.Artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır.Bir il bundan əvvəl isə qısa müddətdə antiterror tədbirləri nəticəsində Azərbaycan özünün konstitusion quruluşunu bərpa etdi. Ötən ilin sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayaraq, yenidən xalqımıza qələbə sevincini yaşatdı. Bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri bu tədbirlər nəticəsində zərərsizləşdirildi. Azərbaycan qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 24 saata yaxın zamanda antiterror tədbirləri həyata keçirdi. Separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək, düşmən üzərində Qələbə çaldı. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıması təsadüfi deyil. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Torpaqlarını işğaldan azad edən Azərbaycan indi də həmin ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirir. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edir, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır. Regionda yeni reallıqlar yaradan Azərbaycanda tarixi ədalət bərpa olunub və bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri,
"Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər