27 Sentyabr Azərbaycan Respublikasında Anım Günüdür
Bu gün xalqımız, milyonlarla insan İkinci Vətən müharibəsində qazandığımız Zəfəri böyük iftixar hissi ilə yaşayır. Bu qürurverici bir məqamdır. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə elə bir dərs verdi ki, bu dərs bütün tarixi boyu yaddan çıxmayacaq. 27 Sentyabr 2020-ci il tarixində başlanan müharibə 44 gün ərzində Qələbə ilə sona çatdı. Azərbaycanın 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqları işğaldan azad olundu. Bu torpaqların işğaldan azad olunması Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycanın Müzəffər Ordusunun gücü ilə reallığa çevrildi. Bu torpaqların azad olunması yolunda minlərlə vətən oğlu şəhid oldu. Qanları ilə torpaqlarımızı işğaldan azad etdilər.
İkinci Qarabağ müharibəsinin şəhidləri xalqımızın qəlbində yaşayır. Bu gün ölkəmizdə İkinci Qarabağ müharibəsinin başlandığı gün Anım Günü kimi qeyd olunur. Bu gün Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinin başladığı gündür. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edilir. Azərbaycan dövləti və xalqı Vətən müharibəsində iştirak etmiş mübariz oğulların, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmişəsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Həmin tarix heç vaxt yaddaşlardan silinməyəcək. Bu bizim qürür günümüzdür. Azərbaycanı Zəfərə, Qələbəyə aparan tarixi gündür.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplısilahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Bu Azərbaycan reallıqlarıdır. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlandı və İkinci Qarabağ müharibəsinə çevrildi. 44 gün davam edən müharibədə Azərbaycan hər gün qələbə sevincini yaşadı. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Dövlət başçısı çıxışında "44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi", - deyə bildirib: "44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik".
"DÜNYANIN APARICI HƏRBİ MƏKTƏBLƏRİNDƏ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ ƏMƏLİYYATLARIMIZ, BİZİM UĞURLARIMIZ, QƏLƏBƏMİZ ÖYRƏNİLİR"
Xüsusi olaraq qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. "2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi", - deyən Azərbaycan Prezidenti bizim Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimizin olduğunu bildirib: "Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi. Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti "Qarabağ Ermənistandır və nöqtə" və "bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq" kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi".
Dövlət başçısı beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Xatırlatmaq yerinə düşərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. "Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - deyən Azərbaycan Prezidenti bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır".
Qısa bir məsafədə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək, 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.
"Mənfur düşmənin əlində əlverişli mövqelər olmasına, relyefin onlara böyük üstünlük verdiyinə, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurduğuna baxmayaraq onlar geri getməyə məcbur oldular. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmayıb. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olub", - deyə Prezident bildirib.
44 gün ərzində ordumuz böyük bir döyüş yolu keçdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi: "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir".
"DƏMİR YUMRUQ" YENƏ QILINC KİMİ BAŞLARININ ÜZƏRİNDƏDİR"
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi onun şanlı səhifəsinə yazılıb. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".
Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağını dalğalandırdı. 30 illin həsrətinə, ağrı və acısına son qoyuldu. Bu gün bu qələbəni bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın yeni tarixini yazdılar və adları tariximizə əbədi həkk olundu. "Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”, - deyə dövlətimizin başçısı qeyd edib.
44 günlük Vətən müharibəsinin milli iradə, milli ruh, milli ləyaqət təntənəsi olduğunu vurğulayan Prezident deyib: "Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı".
Bu tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Heç şübhəsiz, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var. Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratmışdır.
Nəzakət ƏLƏDDİNQIZI