PDF Oxu

Siyasət

  • 6 135

Böyük Qayıdış: Cəbrayıla ilk köç karvanı TƏHLİL

Böyük Qayıdış: Cəbrayıla ilk köç karvanı TƏHLİL

31 ildən sonra Cəbrayıl şəhəri payızın ilk günlərində öz doğma sakinlərinə qucaq açdı. Bu köç əzəli sakinləri yurd yerləri ilə görüşdürdü. Torpaq da, insanlar da rahat nəfəs aldılar. İsti yay günündə şəhəri ah-nalə, qan tökə-tökə tərk edənləri bu gün Cəbrayıl yeni bir ab-hava ilə qarşılayır. Zəfər qazanmış xalqın nümayəndələri qan tökülmüş torpağa məğrurcasına, qürurla ayaq basdılar. Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşdi. Cəbrayıl şəhərinə ilk köç 36 ailə olmaqla, 117 nəfərlə reallaşdı. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Dörd il bundan əvvəl 27 il işğalda olan Cəbrayıl şəhəri azadlığına qovuşdu. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.

Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.

Qeyd edək ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.

"İLK DƏFƏ OLARAQ MÜHARİBƏNİN BİRİNCİ HƏFTƏSİNDƏ ŞƏHƏR, RAYON MƏRKƏZİ AZAD EDİLMİŞDİ"

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 oktyabr 2020-ci il tarixli rəsmi "Twitter" səhifəsində yazmışdı. Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olunmuşdu. "Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi", - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: "Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi".

Dörd il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olundu. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi.

CƏBRAYIL ŞƏHƏRİ YENİDƏN QURULUR

Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir. Bu gün Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə yeni işıqlı həyata başlanılıb.

Bu gün Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülmüş, bu işlər bu gün də sürətlə davam etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mayın 18-də Cəbrayıl rayonuna səfəri bir sıra hadisələrlə tarixin yaddaşına köçdü. Və Cəbarılın işıqlı gələcəyi üçn təməllər qoyuldu. Dövlət başçımız tərəfindən rayonun Karxulu kəndinin təməli qoyuldu. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.

Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.

2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqrammı"na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

4740 NƏFƏR ƏHALİ ÜÇÜN 1185 FƏRDİ EV

Azərbaycan Prezidentinin Cəbrayıl rayonuna səfəri çərçivəsində Sarıcallı kəndinin təməlini qoyub. Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub. Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.

2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqrammı"na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Təməli qoyulan kəndlər sırasında Cəbrayıl rayonunun Maşanlı kəndi də olub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bundan başqa, Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. Kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.

ŞƏHƏRİN BƏRPASI VƏ İNKİŞAFI ÜÇÜN 4 MƏRHƏLƏ

Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan “yaşıl zolaq” şəhərin əsas onurğası kimi verilib. Qeyd edək ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək ozünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.

İşğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.

Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. planlı şəkildə layihələr əsasında həyatı keçirilir. Məqsəd insanların rahatlığının və firavanlığının təminatıdır.

Göründüyü kimi, işğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Bu gün isə əzəli sakinlərin səsi-sədası, toy-büsat çalğısı Füzulidən, Laçından, Şuşadan eşidilir.

Qarabağ və Şərqi Zəngəzurumuz yenidən qurulur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər