Azərbaycan dünyəvi, bəşəri dövlətdir, bu dövlətdə hər bir vətəndaşın hüquqları Konstitusiyanın tələbələri ilə ciddi şəkildə qorunur. Bu seçkilər onu da təsdiqlədi ki, Azərbaycanda vətəndaş cəmiyyəti birmənalı şəkildə dövlətçilik atributları səviyyəsində qorunur, mühafizə edilir, yaşadılır.
30 ildən sonra ərazi bütövlüyü tam təmin edilib, suverenliyi bərpa olunan Azərbaycan dövləti 2024-cü il ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda Milli Məclisə seçkilər azad, demokratik və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara tamamilə uyğun olması ilə yadda qaldı. Ötən ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövrün qürurverici hadisələrindən olan və müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda parlament seçkiləri keçirildi. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan bu seçki proseslərini də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atdı. Və ölkəmizin hər yerində, o cümlədən Xankəndidə, Şuşada, Qubadlıda, Xocalıda, Kəlbəcərdə və digər işğaldan azad edilən ərazilərdə parlament seçkiləri keçilirdi. Seçki təbliğatını yüksək səviyyədə quran, öz seçki platformasını cəmiyyətə reallıq üzərində quran namizədlər deputat seçildilər
Sentyabrın 23-də VII çağırış Milli Məclisin açılış iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Eyni zamanda, yeni formalaşan parlamentə uğurlar arzulayan dövlət başçımız cənab İlham Əliyev qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bilib. Lakin ikili standartlar əsasında qurulmuş ittihamlar bu gün də davam edir. Ancaq bu, nə dövlət başçısının iradəsinə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Bu real faktordur ki, xarici siyasət daxili siyasətin davamıdır. Prezident İlham Əliyev daim uğurlarımızın təhlili əsasında belə bir əminliyi ifadə edir ki, bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlətimizin başçısı 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyinə yönəldərək bildirdi ki, onun Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan ölkə Prezidenti bütün qitələrdə dostlarımızın sayının artdığını bildirdi. Vurğuladı ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.
Göründüyü kimi, reallıq budur ki, əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri müəyyənləşdirilir. Və ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlar, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə davamlı töhfələri 44 günlük müharibə tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasında öz sözünü dedi. Son 21 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın diplomatik uğurlarının davamlılığını şərtləndirdi. Və 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» həm gücümüzün, həm də birliyimizin dünyaya təqdimatı oldu.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bildirdi ki, bizə qarşı ideoloji təxribatlar davam etdtrsələr də onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır: «Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir».
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri də açıqladı və bu çağırışı etdi: Yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib. Növbəti bir-iki il ərzində hərbi sənaye kompleksimiz daha böyük olacaq. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Dövlətimizin başçısı cənab İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran əsas vəzifə olduğunu söyləyərək bildirdi ki, ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Milli Məclisin ilk iclasındakı çıxışında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışdı. Bildirdi ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
Beləliklə, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı Azərbaycanın dövlətçilik tarixində hadisə kimi yadda qalacaq və çıxışında toxunduğu məqamlar, irəli sürdüyü tezislər, əslində, Azərbaycanın yeni dönəmdə inkişaf konsepsiyasının əsası, bütövlükdə regionun dayanıqlı təhlükəsizlik mühitinə qovuşması istiqamətinə aydın Yol Xəritəsi hesab olunmalıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri