Azərbaycan dövləti və xalqı ölkə ərazisinin 20 faizinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil etdi. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısındakı çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmurdu. Bu isə heç bir qurumu narahat etmirdi.
Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyilə öz zəfər tarixini yazdı. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana qaytarıldı. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir.Prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini