“Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan uzun illər ərzində işğalçı siyasətini davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən, 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. K.Bayramov qeyd edib ki, düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu: “Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin gün xalqa növbəti müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.Deputat diqqətə çatdırıb ki, qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan və səbirsizliklə gözləyirdik. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm olaraq müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.K.Bayramov xüsusi olaraq qeyd etdi ki, 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökərək kapitulyasiya etmiş Ermənistan, eləcə də, Qarabağda olan separatizmin qalıqları nə bu bəyanatlardan, nə də müharibədən dərs çıxarmaq fikrində idilər. Qarabağda qalmış erməni silahlı dəstələri növbəti dəfə 2023-cü il sentyabrın 19-da genişmiqyaslı hərbi təxribat və terror hücumları törətdilər. Azərbaycan Ordusu bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayaraq qaldırmalı oldular və bununla da separatizmin kökü kəsildi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi. Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda da ucaldıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi.K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 27 sentyabr Anım Günündə bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir”.
Müəllif: Səbinə Hüseynli