PDF Oxu

Siyasət

  • 3 158

Rusiyalı ekspert: BMT-də “Ermənistana dəstək qrupu”nun yaradılması avantüradır - MÜSAHİBƏ

Rusiyalı ekspert: BMT-də “Ermənistana dəstək qrupu”nun yaradılması avantüradır - MÜSAHİBƏ

Nüfuzlu rusiyalı politoloq, iqtisadçı Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında “Ermənistana dəstək qrupu” haqqında danışıb və maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- BMT Baş Assambleyasında bəzi dövlətlərin təmsil etdiyi “Ermənistana dəstək qrupu” toplaşıb. Emmanuel Makron dünya təşkilatının tribunasından bildirdi ki, beynəlxalq ictimaiyyət Azərbaycana təzyiq göstərmək və Ermənistanı ondan qorumaq üçün birləşməlidir. USAİD rəhbəri isə BMT Baş Assambleyasında bildirdi ki, Birləşmiş Ştatlar Ermənistanda kibertəhlükəsizliyin, enerji və sərhəd təhlükəsizliyinin təmin edilməsini nəzarətə götürməyi planlaşdırır. Bunun həyata keçirilməsi üçün 20 milyon dollar ayrılıb.

- Bildiyimiz kimi, həm Fransada, həm də ABŞ-da böyük erməni diasporu var. Parisin Ermənistanla bağlı bu siyasətini, eləcə də Azərbaycana qarşı siyasətini qismən diasporanın himayə etdiyi şübhəsizdir. Yaxşı maliyyələşdirmələr nəticəsində bəziləri BMT tribunasından bütün dünyaya hayqırırlar ki, guya Azərbaycan az qala Ermənistana hücum edib, Qarabağda ermənilərin “soyqırımı” törədib. Aydındır ki, bu maliyyələşmənin məqsədi dar mənada eqoist məqsədlərə nail olmaqdır. Bu “fəryad” faktlarla manipulyasiya və siyasi təbliğatdan başqa bir şey deyil. Üstəlik, Makron Ermənistanı dəstəkləməklə ənənəvi olaraq erməni elektoratından səs toplayır.

Təbii ki, Fransadan Ermənistana silah tədarükü var. Mənəvi dəstək də var. Amma son 4 ildə, eləcə də bir il bundan əvvəl, Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəldiyi və ərazi bütövlüyünün tamamilə bərpa olunduğu Ermənistan-Azərbaycan münaqişəsi zonasında formalaşan reallıqlara münasibətdə bunların hamısı boşdur.

Qərb Ermənistan ordusunu NATO standartlarına keçirsə də, öz təlimatçıları ilə doldursa da, durmadan silahla təmin etsə də, bu, çətin ki, nəyisə dəyişsin, çünki Azərbaycan da hərbi potensialını daim artırır. BMT Baş Assambleyasında bu, heç bir perspektivi olmayan Fransanın siyasi hayqırtısıdır. Makronun gücü də son dərəcə etibarsızdır.

Eyni zamanda biz görürük ki, ABŞ Ermənistanda müxtəlif strukturları kifayət qədər uğurla darmadağın edir. O, miqyasına görə Fransadan daha ciddi oyunçudur. ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Qərb Ermənistanı öz altına düşməyə inandırır. Bu, çətin ki, ölkənin həyat səviyyəsini yaxşılaşdırsın. Amma Ermənistan dövləti üçün daha çox risklər olacaq. Bundan əlavə, Ermənistanın qonşuları Qərbin təsirinə və onun regionda möhkəmlənməsinə son dərəcə qarşıdır. Hətta Gürcüstan belə. Bunun Ermənistan Respublikası üçün üstünlüklərindən daha çox mənfi cəhətləri olacaq.

Bunun fonunda Ermənistan gələcəkdə bu və ya digər dərəcədə Qərbin dəstəyi ilə Qarabağda qisas almağa cəhd edə bilər. Ancaq yüksək ehtimalla, bu, ilk növbədə, özü üçün fəlakətlə başa çatacaq. Ermənistan bir ölkə kimi sonda sadəcə mövcudluğunu dayandıra bilər. Qərbin Ermənistanın xeyrinə və Azərbaycanın əleyhinə oyun oynamaq cəhdləri açıq-aydın uğursuzluqdur. Çünki Azərbaycan çox güclü oyunçudur və müstəqil dövlətdir. Onun gücü isə milli maraqları müdafiə etməkdə, çətinlikləri və onların öhdəsindən necə gəlmək yollarını aydın dərk etməkdə, həmçinin dövrün tendensiyalarını dərk etməkdə və kimin dost, kimin düşmən olduğunu başa düşməkdədir.

Paşinyan əslində gələcəkdə qisas almaq ehtimalını gizli etiraf edir. Ona görə də Azərbaycanla tam hüquqlu sülh müqaviləsi imzalamır.

Ermənistanın baş naziri hələ də bütün stullarda birdən oturmağa çalışır. İrəvanın qısa müddətdə Bakı ilə qısaldılmış sülh müqaviləsi imzalamağa hazır olması tezisini səsləndirməklə, hökumətinin guya sülh tərəfdarı olduğunu dünya ictimaiyyətinə nümayiş etdirmək istəyir. Ancaq sülh onun istədiyi kimi deyil, tam olmalıdır - gələcək üçün boşluqlarla yox.

Azərbaycan belə bir sazişin imzalanmasına qəti şəkildə razı olmayacaq. Birincisi, o, nəinki müharibədə qalib gəldi, həm də hamıya obyektiv şəkildə aydındır ki, Ermənistan sülh sazişindən son dərəcə əhəmiyyətli məqamları çıxarmağa çalışır. Yəni, gələcəkdə bu sənədin ləğvinə cəhd etmək və Qarabağa qarşı müxtəlif növ iddiaları bərpa etmək imkanı həmişə əldə etmək üçün ölkənin əsas qanununda Azərbaycan Respublikasına qarşı ərazi iddialarını istisna etmirəm.

Və əgər belədirsə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qaldığı başa düşülürsə, Bakının bu formada müqavilə imzalamasının nə mənası var? Təbii ki, heç bir mənası yoxdur. Ona görə də sülh müqaviləsi məsələsi müstəsna olaraq tam miqyaslı bağlanma tələb edir, başqa heç cür imkan yoxdur.

- Bu gün Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi ilə bağlı növbəti görüşü keçiriləcək. Ondan nə gözləyirsiniz?

- Əslində, heç nə. Bu, ABŞ-ın Cənubi Qafqazda nəyəsə qərar verdiklərini göstərmək üçün növbəti cəhdidir. Eyni zamanda, bunun arxasında əsl dolğunluq və məzmun yoxdur. Elə ötən gün İlham Əliyev bir daha Qərb dövlətlərini Ermənistanı qisas almağa təhrik etməkdə və Azərbaycana qarşı çirkin kampaniya aparmaqda ittiham etdi. Ona görə də Bakı ABŞ-ın vasitəçiliyi ilə imzalanan heç bir sülh müqaviləsinə qəti şəkildə razı olmayacaq. Yaxşı, niyə özünə problem yaratmalıdır? Azərbaycan müharibədə qalib gəldi. İqtisadiyyatda hər şey qaydasındadır. Buna görə də sakitliyini nümayiş etdirə və istənilən müqaviməti göstərə bilər. Və şərtlərini diktə edə bilər. Cənab Əliyev tamamilə düzgün siyasət aparır.

Ümumiyyətlə, obyektiv baxsaq, Ermənistan həqiqətən də Azərbaycanla tam hüquqlu sülh sazişi bağlaya bilərdi. Rusiya ilə münasibətləri yaxşılaşdıra bilərdi. Həmçinin, Belarus ilə. Ancaq bunların hamısı fantaziyadır.

- Ötən gün Türkiyə prezidenti Nyu-Yorkda Paşinyanla görüşüb. O, bir tərəfdən Ankara ilə İrəvan arasında münasibətlərdə müəyyən irəliləyişlər olduğunu bəyan edib, digər tərəfdən isə BMT Baş Assambleyasının tribunasından açıq şəkildə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin qurulmasının uğuru İrəvan və Bakı arasında sülhün nə qədər tez əldə olunmasından da asılıdır.

- Əslində bütün qonşular bir-biri ilə normal münasibətlər istəyir. Azərbaycanda da, Türkiyədə də, Gürcüstanda da bunu istəyirlər. Ermənistan öz sərhədlərini və qonşularının sərhədlərini tanımağa hazırdırmı, ticarət yollarını açmağa hazırdırmı, həqiqətən də sülhə hazırdırmı, yoxsa bu, sadəcə olaraq dəyişmə oyunudur- bu, onun üçün açıq sualdır. Əgər belədirsə, o zaman sülhdən ən çox faydalana biləcək ölkə Ermənistandır. Əks halda, ən çox itirən də o olacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər