Siyasət

  • 837

Zəfər Günü Azərbaycan xalqının Milli Qürur Günüdür

image

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 30 ildən çox düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli ruhumuzu özümüzə qaytardı. Beynəlxalq hüquqa, ədalətə inamımız itmiş, hər bir uğursuzluğa, nəticəsizliyə görə özümüzü qınayır, bir-birimizi ittiham edirdik. Əksəriyyət düşünürdü ki, erməni separatçıları 30 il ərzində Qarabağda dərin kök salıb, xaricdə güclü himayədarlar tapıblar və ən əsası keçilməz mühəndis-istehkam işləri qurmaqla Vətənimizin bir parçasını özlərinə ömürlük sığınacaq ediblər. Bu müddət ərzində erməni diasporu və Qərb dövlətləri Ermənistanı, Qarabağdakı separatçı rejimi ciddi və açıq şəkildə müdafiə edirdi. Azərbaycana təzyiq göstərirdilər ki, separatçılarla dil tapaq, kompromisə getməklə onların tələblərini yerinə yetirək. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın və Qərbin birlikdə həyata keçirdikləri bu çirkin siyasi oyunlara qarşı qətiyyətli, müstəqil, milli siyasi mövqe ortaya qoydu və ərazi bütövlüyü, suverenlik məsələsi danışıqlarda qırmızı xətt oldu. Ali Baş Komandan uzaqgörən siyasi gedişlər etməklə həm diplomatik, həm də hərbi müstəvidə Qarabağın azadlığı üçün bütün istiqamətlərdə fəaliyyəti gücləndirdi. Ən əsası ordu quruculuğu işləri sürətləndirildi, peşəkar hərbi birləşmələr yaradıldı. Vətənpərvərlik ruhunda böyüyən gənclər hərb peşələrinə üz tutdular. Silahlı Qüvvələr üçün ən müasir silahlar alındı, hərbi hissələrin maddi-texniki bazası bir neçə dəfə gücləndirildi. Hərbçilərimiz Türkiyədə, Pakistanda, Çində, MDB çərçivəsində bir sıra ölkələrdə təlimlər keçdilər. 2016-cı ilin Aprel döyüşləri yeni bir yolda ciddi sınaq nöqtəsi oldu. Bəzi yüksəkliklərin tutulması, Qarabağa gedən yolların təmizlənməsi böyük ümid verdi, gücümüzü, əzmimizi, birliyimizi, milli ruhumuzu artırdı. Bir “Nəyin nə zaman olacağı” məqam qalırdı.Bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.O bildirib ki, 2020-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin əmri ilə Ordumuz düşmən təxribatının qarşısını almaq, daha doğrusu, separatçıların bütün silahlı birləşmələrini məhv etmək üçün ildırımsürətli əməliyyatlar həyata keçirdi. Qırx dörd gün ərzində Azərbaycan torpaqlarının böyük bir hissəsi erməni işğalçılarından təmizləndi. Noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azad edildi, üçrəngli Bayrağımız qədim şəhərimizdə dalğalandı. Alınmaz qala hesab olunan Şuşaya mərd oğullarımız piyada döyüşə-döyüşə, sıldırım qayalarla qalxaraq daxil oldular, əlbəyaxa dava ilə düşməni məhv etdilər. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan bir nömrəli missiya tamamlandı. Şuşaya nəzarət bütün Qarabağa nəzarət demək idi. Bunu başa düşən Ermənistan ordusu ağ bayraq qaldıraraq təslim oldu, baş nazir Nikol Paşinyan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Özünün də qeyd etdiyi kimi, 10 noyabr üçtərəfli Bəyanatına imza atmasaydı, Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdi. Tarixi Zəfər Azərbaycanın suverenliyə gedən yolunu açdı. Ağdam, Kəlbəcər, Laçın döyüşsüz Azərbaycana təhvil verildi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi qoyduq. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldıq. Separatçı rejimin tör-töküntüləri təxribatlara ara vermirdilər. Onlar Xankəndidə referendum, seçkilər keçirirdi, əraziləri minalayırdılar, terror aktları həyata keçirirdilər. Azərbaycan dövləti revanşist qüvvələrin bu cinayətlərinə sonsuza qədər dözmək niyyətində deyildi. Nəhayət 2023-cü il sentyabrın 19-da Ordumuz antiterror tədbirləri həyata keçirərək bütün Qarabağı separatçılardan təmizlədi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror tədbirləri cəmi 23 saat davam etdi. Sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Ordumuz qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma rejim özünü buraxdı, Azərbaycanı beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bununla da Azərbaycan üçün yeni dövr başlandı. Bu dövrün də öz siyasi tələbləri var.“Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bu dövrün vacib mesajları sırasında hərbi qüdrətin və hərbi sənayenin vacib sahə olaraq gücləndirilməsi və inkişaf etdirilməsini, milli təhlükəsizliyin təmin olunması istiqamətində hər zaman xarici və daxili siyasətdə dönməzliyin və qətiyyətin, gənclərin tərbiyəsində milli ruhun, milli dəyərlərin qorunmasının, qərbin antimilli siyasətinə qarşı mübarizənin vacibliyini də xüsusi vurğuladı. Bəli, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Əldə etdiyimiz ərazi bütövlüyü və suverenliyi də qoruyub saxlamaq yeni dövr üçün qarşımızda duran ən vacib dövlət siyasətidir.Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan tarixinə Dövlət Suverenliyi Günü kimi düşdü. Bundan sonra ölkəmizin tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqı, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Təbii ki, əldə etdiyimiz bütün bu uğurlara görə, qələbələrə görə şəhidlərimizə, qazilərimizə, qəhrəman hərbçilərimizə borcluyuq. Dövlətimiz və xalqımız hər zaman şəhidlərimizin xatirəsini uca tutur, qazilərimizə, hərbçilərimizə hərtərəfli qayğı göstərir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu. Ölkə Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi təsis edilib. 27 sentyabr milli ruhumuzun, milli həmrəyliyimizin ortaya qoyulduğu şərəfli bir tarixdir. Xalqımız Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır”, - deyə M.Vəliyeva əlavə edib.

Digər xəbərlər