PDF Oxu

Siyasət

  • 2 642

Müalicə ehtiyatları: Naftalan sağlamlıq turizmi TƏHLİL

Müalicə ehtiyatları: Naftalan sağlamlıq turizmi TƏHLİL

Dövlət başçısı "Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb

Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir. Əlbəttə ki, turizm sahəsində reallaşan layihələr, görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, qış, mədəni, işgüzar, idman turizmi, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Bu gün Azərbaycanda ilin bütün fəsillərində istirahət üçün imkanlar mövcuddur. Belə ki, ölkəmizdə turizmin yay turizmi ilə yanaşı, qış turizminin də yaradılması əlbəttə ki, ilin bütün fəsillərində istirahət üçün zəmin yaradıb. Ölkəmizin füsunkar gözəlliyi, potensialı da turizm üçün əlverişli şərait yaradıb. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral və qeyri-mineral bulaqlar, barlı-bəhərli meyvə bağları, atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti və s. turizmin inkişafı üçün mühüm amillər sırasında yer alır. Bu və ya digər amilləri qeyd edərkən adət-ənənələrimiz, milli mətbəximiz də diqqətə çəkməliyik.

Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan dünyada artıq turizm məkanı kimi tanınır. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmin daha da inkişaf etdirilməsi əksini tapıb. Dövlətin siyasəti və ünvanlı layihələr də nəticəsini verir. Təbii ki, ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları və s. turistlərin ölkəmizə axınına səbəb olub.

NAFTALAN ŞƏHƏRİ TURİZM SEKTORUNDA ÖN SIRALARA YÜKSƏLDİ

Ölkəmizdə sağlamlıq turizmin inkişafı üçün potensial böyükdür. Burada turistlər yüksəkkeyfiyyətli tibbi müalicə əldə edə bilirlər. Min bir dərdin dərmanı olan Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Düzdağın, Şabrandakı Qalaaltının müalicəvi imkanlarından insanlar yararlanırlar.

Sağlamlıq turizmindən danışarkən Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin də adını qeyd etməliyik. Xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhur olan Naftalan neftindən, əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur. Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev "Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, "Naftalan" Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Qeyd edək ki, ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğalı nəticəsində öz el-obalarından didərgin düşən insanların bir qismi şəhərdəki sanatoriyalarda məskunlaşmışdı. Bu gün Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülüb və bu, davam etməkdədir. Vurğulamaq yerinə düşər ki, 1970-1990-cı illər Naftalan şəhərində dönüş baş verib. Ümummilli Lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. "Naftalan Mərkəzi sanatoriyası" da belə layihələrdən biridir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir. Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir. Əlbəttə ki, Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Naftalanda fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmək imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. Hazırda Naftalanda müxtəlif sanatoriyalar, SPA mərkəzləri və otellər tikilir və bu şəhər öz əvvəlki şöhrətini qaytarır. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanmasına səbəbdir. Vurğulayaq ki, müalicə müəssisələrinə gələn qonaqların sayında ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb, həmin ildə 60 ölkədən 12000-dən çox, ümumilikdə isə 40000-ə yaxın turist gəlib. 2020-2021-ci illərdə koronavirus pandemiyası turizm sənayesinə də təsir etdiyindən rəqəmlərdə azalma müşahidə olunub.

DUZDAĞ – SAĞLAMLIĞIN BƏRPASINDA ƏVƏZOLUNMAZ MƏKAN

Unikal müalicəvi keyfiyyətlərinə görə dünyada tanınmış Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi də turistlərin sevimli istirahət və müalicə məkanıdır. Yay aylarında təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün Naxçıvan şəhərindən cəmi 12 kilometr məsafədə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayında hər il artım müşahidə olunur. Duzdağ sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir. Keçən əsrin 70-ci illərində Duzdağ şaxtalarında təşkil olunmuş yeraltı müalicə mərkəzinin şöhrəti hər tərəfə yayılıb. Burada tətbiq olunan müalicə üsulu mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Ümumiyyətlə, Naxçıvanın təmiz havası ilə bərabər, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti müalicənin müsbət nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa duz şaxtasına daxil olması, il ərzində havanın sabit müsbət 20 dərəcə temperaturda qalması, 24 faiz nisbi rütubət, oksigenin havadakı miqdarının 20 faiz təşkil etməsi, sıfıra bərabər hava cərəyanı və zəhərli qazların son dərəcə minimum səviyyəsi Duzdağın müalicəvi effektini artıran əsas amillərdəndir.

Sağlamlıq turizmindən danışarkən Qalaaltı mineral suyunu da qeyd etməliyik. Qida qəbulundan sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu olan Qalaaltı mineral suyu müalicəvi xüsusiyyətlərə malikdir. Mənbələrdə göstərilir ki, onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Alimlərin apardıqları tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.

TURİZM İQTİSADİYYATIN APARICI SAHƏSİDİR

Mədən suyu Şabran rayonunun 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, dağətəyi meşədə 1969-cu ildə tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı" sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu", yəni neftli su deyirlər. "Naftsu" kəskin qoxusu və dadı ilə seçilir. O həm öz tərkibi ilə həm də insan orqanizminə olan fizioloji təsirinə görə originaldır. O orqanizmdə maddələr mübadiləsini normallaşdırır, qan və sidiyə qələviləşdirici təsir göstərir, sidik turşusunun yaranmasını azaldır və onun orqanizmdən çıxarılmasına köməklik göstərir, mədə turşuluğunu azaldır, hüceyrə membranalarının keçiriciliyini azaldır, qanaxmanı azaldır, əksiltihabi təsir göstərir, diurezi artırır, orqanizmdə olan artıq mayəni çıxardır.

Ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühitin yaradılmasının məntiqi nəticəsi olaraq, Azərbaycanın dilbər guşələrindən biri sayılan Şabran rayonunda "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Belə bir sağlamlıq mərkəzinə üz tutan turistlər istirahətlə yanaşı, müalicə də olunurlar.

Əlbəttə ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Turizminin inkişafına dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirib. Belə ki, rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına töhfəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər