PDF Oxu

Siyasət

  • 755

Azərbaycanın iqtisadi inkişaf modeli ŞƏRH

image

Dünyanın qüdrətli ölkələrindən birinə çevrilən Azərbaycan sosial-iqtisadi sahədə böyük nailiyyətlərə imza ataraq inkişaf modelini beynəlxalq miqyasda tanıda bilmişdir. Azərbaycanın hazırda dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biri kimi çıxış etməsi, iqtisadi sahədə möhtəşəm uğurlar qazanmış bir dövlət olaraq xarakterizə edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəyə rəhbərliyi dövründə praqmatik, düşünülmüş siyasətin həyata keçirməsinin məntiqi nəticəsidir. Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı bildirdiyi kimi, "Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib".

İqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələrin qurulması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühiti kimi mühüm amillər Azərbaycanın dayanıqlı və dinamik iqtisadi inkişafının təminində mühüm rol oynayıb. "Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq", - deyə Prezident vurğulayıb. Cari ilin göstəriciləri də iqtisadi inkişafımızın uğurlarını şərtləndirən amillər sırasındadır. Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər bunu təsdiqinin təzahürüdür. Ölkəmizdə iqtisadi artım 4,3 faiz təşkil edib ki, bu da dünyada baş verən proseslər fonunda uğurlu statistik rəqəmdir. Azərbaycan müasir dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biridir və iqtisadi göstəricilərimiz inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Dövlət başçımızın sözlərinə görə, qeyri-neft sektoru 7 faiz artmışdır: "Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir". Müşavirədə dövlət başçımızın bildirdiyi kimi, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olduğunu bildirən Prezident İlham Əliyev bunu çox müsbət göstərici kimi dəyərləndirib.

Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sahəsində uğurlu siyasət Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərini yüksəldib. Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilən Azərbaycan enerji əməkdaşlığının yeni mərhələsi üçün 2022-ci ildə Avropa və digər tərəfdaş ölkələrlə energetika sahəsində strateji əməkdaşlığa dair Memorandum və Saziş imzalanıb. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi bu baxımdan xüsusi qeyd edilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan tranzit ölkə olmaqla yanaşı, bir sıra nəqliyyat layihələrinin təşəbbüskarıdır.

Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlədiyimizi bildirən Prezident həmin layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımızın olduğunu diqqətə çatdırıb: "Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır."

Müşavirədə xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirildiyini qeyd edən Cənab Prezident İlham Əliyev Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb.

Azərbaycan Ordusunun 2023-cü il 19 sentyabr tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi.

"Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir", - deyə Prezident bildirib. Yeni reallıqlar yaratmış Azərbaycanın hədəfləri, fəaliyyət istiqamətləri ölkəmizin bütün sahələrdə olduğu kimi, iqtisadi inkişafında da davamlı və yeni dövrün çağırışları olaraq həyata keçirilir.

Güləddin Dadaşov,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər