Siyasət

  • 716

SUQOVUŞAN: su aydınlıqdır…

image

Xalqımız üçün su aydınlıq, qovuşmaq isə həsrətlərin vüsal anı anlamındadır. Məhz buna görə də Suqovuşan bizim 30 illik həsrətimizə son qoydu.

2020-ci il oktyabrın 3-də ordumuzun Suqovuşanla bağlı qələbə xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısı dərhal Madagizin tarixi adını bərpa etdi. Madagiz Suqovuşan adlandırıldı. Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik etdi.

Suqovuşanın azad olunmasından bir qədər sonra ölkə rəhbərinin daha 7 kəndimizin işğaldan azad olunması ilə bağlı paylaşımı 2020-ci il sentyabrın 27-dən başlayaraq genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə layiqli cavab oldu. Füzuli rayonunun Qaraxanbəyli, Qarvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Murovdağın və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin ardınca Suqovuşan bizi oktyabrın 3-də Talış yaşayış məntəqəsinə, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinə, oktyabrın 4-də isə Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə qovuşdurdu.

90-cı illərdə ermənilərin Azərbaycana qarşı başladığı işğalçılıq siyasətinin qurbanlarından biri də Suqovuşan olub. 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunsa da, 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən bu kəndi işğal edib. Aprel döyüşləri zamanı Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi hərbi hissə də Suqovuşanda yerləşirdi.

Kənd ərazisindəki qədim abidələr onun zəngin tarixindən xəbər verir. Burada Suqovuşan su anbarı və su elektrik stansiyası var idi. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa edilmişdi.

Azərbaycanın “Brest” qalası hesab edilən Suqovuşanın işğaldan azad olunması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdamın azadlığına yol açılırdı. Murov dağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Bu səbəbdən də taleyini Prezidentinə, Ali Baş Komandana ümid edən Azərbaycan xalqı əmin idi ki, arxasında olduğu dövlət rəhbərinin düşünülmüş və ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində, Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin səyi ilə torpaqlarımız son qarışınadək işğaldan azad ediləcəkdi.

Onlarla Vətən oğlunun həyatını itirdiyi Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olması bir elin yurd haqqına qovuşması idisə, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisası idi.

Beləliklə, cəmi 44 gün içərisində Azərbaycan bayrağı bütün əzəli torpaqlarımızda dalğalandı. Suqovuşan 30 illik həsrətliləri Qarabağa qovuşdurdu.

Su aydınlıqdır. Biz də mübarizəyə bu sulu diyardan başlamışdıq. Odur ki, Suqovuşan saf, təmiz suları ilə torpaqlarımızdan erməni çirkabını yuyub apardı.

Mətanət Məmmədova

Digər xəbərlər