Tarix sübut edir ki, hər bir xalqın və dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olmuşdur. Eyni zamanda, Azərbaycan xalqının taleyində, həmçinin, böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub: 1993-cü il 3 oktyabr... Xalqımızın özünün gələcək taleyini, müqəddəratını həll etdiyi gün. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri, artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti və məntiqə əsaslanan dəlil-sübutu var idi. Çünki həyata keçirilən islahatlar nəticəsində, "Xalq-Heydər- Heydər-Xalq" ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Beynəlxalq aləm də əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas edən Ümummilli Liderimiz Heydər Əliyev növbəti dəfə Prezident seçiləcək. Həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdı. Müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyytə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Dahi Öndər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərkən andiçmə mərasimindəki nitqində söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram.” Ulu Öndər öz əməli fəaliyyəti, misilsiz xidmətləri ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübut etdi.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, həqiqətən də, çox mürəkkəb və çətin bir şəraitə təsadüf etdi. Yəni həmin dönəmdə müstəqil dövlətçiliyimiz həlledici bir dövrünü yaşayırdı. Amma müdrik rəhbərin vaxtında həyata keçirdiyi strateji inkişaf strategiyası müstəqil dövlətçiliyimizin qorunub-möhkəmlənməsində müstəsna rol oynadı. Bu strateji xəttin əsas istiqamətlərindən biri də vahid komandanlıqdan idarə edilən nizami ordunun yaradılması idi. Axı müstəqilliyimizin ilk illərində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı, Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmişdi. Belə çətin şəraitdə, döyüşlər getdiyi bir vaxtda nizami ordunun yaradılması olduqca çətin idi. Amma uzaqgörən siyasətçi, çox qısa vaxt ərzində, bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. Bu gün fəxrlə deyirik ki, müasir müstəqil Azərbaycan, həmçinin, Silahlı Qüvvələrimiz Ulu Öndər Heydər Əliyev dühasının və Onun misilsiz xidmətlərinin bəhrəsidir.
1993-cü ilin 15 iyun günü - tariximizdə Milli Qurtuluş Günü kimi qeyd olunan tarixi gün. Məhz həmin gün ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qədəm qoyan Ulu Öndərimiz öz qayıdışı ilə qurtuluşa nail oldu. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu, siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalandı. Bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin imzalanması, bir tərəfdən, ölkədə yaranmış uzunmüddətli ictimai-siyasi sabitliyin göstəricisi idisə, digər tərəfdən, beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi.
Ümummilli Liderin önəm verdiyi bütün məsələlər yalnız bir məqsədə - gənc müstəqil dövlətin hərtərəfli inkişafının təmin edilməsinə hesablanmışdı. Azərbaycanda, elə bir sahə yox idi ki, diqqətdən kənar qalsın. Aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə, möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı. Bir sözlə, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Qarabağa Böyük Qayıdışın əsasını qoydu.
Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərdən başlanılan BÖYÜK YOL bu gün Onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 21 ildə bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanıb. Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində Ümummilli Liderin qarşısında verdiyi vədlərin hər birinin reallıqda təsdiqidir. Bu gün Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Ümummilli Liderin ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl rəşadətli Silahlı Qüvvələrimizin 44 gündə 30 ilin işğalına son qoymasını, 27 il tətbiqini gözləyən BMT qətnamələrinin icrasını təmin etdi. Tarixi Zəfərimizdən sonrakı dövrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə imza atdığımız hər bir uğur son nəticədə Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanın formalaşmasına gətirib çıxardı. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. Artıq xeyli vaxtdır Qarabağ və Şərqi Zəngəzura davam edən Böyük Qayıdışın növbəti ünvanının məhz Xankəndi olacağı hər birimizin səbirsizliklə gözlədiyimiz məqamdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan nəhəng bərpa-quruculuq işləri dünyanın diqqətində olmaqla yanaşı, bu hədəfin göstəricisidir ki, Azərbaycanın hər bir sahədə qazandığı təcrübə nümunədir. Bu ərazi bütövlüyünü təmin etmiş, yeni-yeni hədəflərə doğru inamla addımlayan, hər bir sözünün imzası qədər dəyəri olan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini, Onun layiqli davamçısı, Özü qədər inandığı Prezident İlham Əliyev suverenliyini daimi etdi. Uğurla reallığa çevrilən hər bir hədəf yeni hədəflərin başlanğıcıdır. Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Azərbaycanın tarixinə Zəfər Gününün yazılması bu yolun uğurlu davamının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyinin təqdimatıdır. Dövlət başçısı 8 noyabrda Qarabağın döyünən ürəyi, musiqi beşiyimiz Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bildirmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Bəli, Ümummilli Lider Heydər Əliyevin həyatı və gərgin fəaliyyəti bahasına dünyaya Günəş kimi doğan Azərbaycan, indi beynəlxalq arenada tarixi ənənələrlə müasirliyin ən bariz sintezidir. Bu sintez Ulu Öndər Heydər Əliyev müdrikliyi və xalqın birliyindən yaranıb... Bütün bunlar isə, 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xatirəsi hər birimizin qəlbində ən uca yerdədir, həmişə ehtiramla yad edilir. Və xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri