44 günlük Vətən müharibəsində Azərbaycan tarixi günlərini yaşadı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Müharibənin qızğın getdiyi günlərdə demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik. Dörd il bundan əvvəl Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Azərbaycan Prezident İlham Əliyevin ötən ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.
Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər kimi tariximizə həkk olundu. "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 oktyabr 2020-ci il tarixli rəsmi "Twitter" səhifəsində yazmışdı. Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olunmuşdu. "Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi", - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və ordumuzun gücü, qüdrəti ilə Zəfər tariximizi yazdıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Bu gün işğaldan azad olunan torpaqlarımızda Ölkəmizin – Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur oldu və 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl rayonunun 27 illik həsrətinə də son qoyuldu. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edildi. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. Cəbrayıllı keçmiş məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni təcavüzkarlarından azad edərək, işğala son qoydu. Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü Cəbrayıl rayonunda yerləşir. 2020-ci ilin oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Azərbaycanın müharibədə qalib gəlməsindən ötən qısa bir dövrdə, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.
2022-ci ilin oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoydular.
Təməli qoyulan Qumlaq stansiyası, ümumilikdə 1,69 hektar ərazini əhatə edir. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin Baş planları hazırlanıb. Cəbrayıl şəhərinin Baş planına əsasən, şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi nəzərdə tutulub. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyevin cari ilin mayın 18-də Cəbrayıl rayonuna səfəri bir sıra hadisələrlə tarixin yaddaşına köçdü. Cəbarılın işıqlı gələcəyi üçün təməllər qoyuldu. Dövlət başçımız tərəfindən rayonun Karxulu kəndinin təməli qoyuldu. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq, əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan Cəbrayıl rayonunun Sarıcallı kəndində 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Təməli qoyulan Maşanlı kəndində də 2040-cı ilədək 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. Əlbəttə ki, ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. İşğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. planlı şəkildə layihələr əsasında həyata keçirilir. Məqsəd insanların rahatlığının və firavanlığının təminatıdır.
31 ildən sonra Cəbrayıl şəhəri payızın ilk günlərində Böyük Qayıdışın sevincini yaşadı. Zəfər qazanmış xalqın nümayəndələri qan tökülmüş torpağa qürurla ayaq basdılar. Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşdi. Cəbrayıl şəhərinə ilk köç 36 ailə olmaqla, 117 nəfərlə reallaşdı. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bu gün cəbrayıllılar öz doğma yurd yerlənində Cəbrayıl şəhər gününü qeyd edəcəklər.
Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini