Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1993-cü ilin 3 oktyabrında Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermiş oldu və bununla da Azərbaycan çətin dövrləri arxada qoyaraq, yeni inkişafa qədəm qoydu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə edib. Bu müstəqilliyin əldə edilməsi barədə Ulu Öndər demişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ümummilli Liderin keçirilən prezident seçkisində 98.84 faiz səs əldə etməsi təsadüfi deyildi. Çünki o dövrdə Azərbaycanın hər bir vətəndaşı ölkəni qarşıdakı ağır sınaqlardan, böhrandan çıxara, xilas edə biləcək şəxsiyyətin yalnız Heydər Əliyev olduğunu anlayırdı. Prezident seçkilərindən sonra Azərbaycanın siyasi-ictimai həyatında baş verən hadisələr xalqımızın belə bir seçim aparmasında yanılmadığını, sabahı, gələcəyi dürüst müəyyənləşdirdiyini təsdiqlədi. Çünki, Ümummilli Liderin ölkə rəhbərliyinə gəlməsi üçün səs verən hər bir şəxs Azərbaycanın müstəqillik yolunda inamla irəliləməsi, ərazi bütövlüyünün qorunması kimi önəmli məsələlərin həllində möhkəm siyasi iradəyə və yüksək nüfuza, idarəçilik istedadına malik olan Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin önəmli rol oynayacağını dərindən bilirdi. Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq.
Ulu Öndərin başladığı və axıra çatdıra bilmədikləri taleyüklü məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz həllini tapdı. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edən, inkişaf etmiş, suverən bir ölkə kimi tanınır.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini