PDF Oxu

Siyasət

  • 1 717

COP-la bağlı gündəliyimiz aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir ŞƏRH

COP-la bağlı gündəliyimiz aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir ŞƏRH

Bu gün qalib, bütövləşən, yeni Azərbaycan daha bir qürurverici hadisə ilə dünyanın diqqətində olacaq. Ölkəmiz noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi edəcək. Çünki bu gün Azərbaycan dünyada qlobal problemlərin həllinə mühüm töhfələr verən və bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi tanınır. Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında COP29-un Azərbaycanda keçirilməsi qərarını beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amil olduğunu bildirib: «COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir».

Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlətimizin başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib. Deyib ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.

Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir və dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 21 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hər şeydən öncə qeyd olunması vacib məqam budur ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi kimi tarixə düşdü. Beynəlxalq ictimaiyyətin bu yüksək etimadı Azərbaycan dövlətinin nüfuz göstəricisinin bariz nümunəsidir. Bu qərar, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Ən diqqətçəkən məqamlardan biri də budur ki, bütün postsovet məkanında ilk dəfə olaraq məhz Azərbaycan bu mötəbər qlobal tədbiri keçirmək hüququna sahib oldu. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi də Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azər-baycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir. Və bu baxımdan gələn ay, uəni noyabr ayında bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların, ümumilikdə 70-80 minədək təmsilçisini ətrafına toplayacaq COP29 Azərbaycanı dünyanın diqqət mərkəzinə çevrirən ən böyük beynəlxalq tədbirlərdən biri olacaq.

Bununla bağlı dövlətimizə əhəmiyyətli dərəcədə böyük beynəlxalq dəstək göstərilir. Belə ki, sentyabrın 16-da Prezident İlham Əliyevə zəng vuran ABŞ Dövlət katibi Antoni Blinken tədbirin uğurla keçirilməsi üçün ölkəsinin müvafiq addımlar atacağını qeyd edərək Azərbaycanla ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Cənab İlham Əliyev bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi barədə xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidini ifadə edib.

Bu ilin mart ayında Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edərkən bildirmişdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır: “Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək”.

Dövlət başçısı İlham Əliyev cənablarının COP29-la bağlı fikirlərinə diqqət yetirdikdə bu məqamın xüsusi yer aldığını görürük. Qeyd edir ki, COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın hədəflərindən bəhs edərkən bu çağırışı etdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: “Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq.”

Göründüyü kimi, Azərbaycan qlobal problemlərin həllinə töhfələr verən, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edərək bunu əməli fəaliyyəti ilə təsdiqləyən ölkə kimi tanınır və nüfuz qazanır. Hər dövrün çağırışı yüksək səviyyədə cavablandırılır. Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. COP29 ilə Azərbaycan sülhpərvər dövlət olduğunu bir daha dünyaya bəyan edəcək

Bir sözlə bütün bu uğurlara qlobal tədbirlərə hazırlığın yüksək səviyyədə odmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında da bir daha hazırlıq işləri ilə bağlı bildirib ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Dövlətimizin başçısı əlavə edib ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Bəli, həm də böyük məsuliyyət!. Çünki tədbir keçirildiyi iki həftə ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək. Dövlətimizin başçısı deyib: «Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək».

«Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»,-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi».

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: Və dövlətimizin başçısının dediyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq…Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər