Siyasət

  • 555

Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 4 il ötür ŞƏRH

image

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 4-nün Cəbrayıl Şəhəri Günü olaraq təsis edilməsi müstəqil Azərbaycan tarixinin böyük əhəmiyyət daşıyan hadisələrindən biridir. Məlumdur ki, təcavüzkar Ermənistan tərəfindən Cəbrayılın işğalının ağır nəticələri olmuş, inzibati, sosial obyektlər, tarixi-memarlıq abidələri məhv edilmiş, təbii sərvətləri isə vəhşicəsinə talanmışdı. Dədə-baba torpaqlarından didərgin düşərək məcburi köçkünə çevrilən sakinlər ölkənin müxtəlif yerlərində yaşamalı olmuşdular. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti onlara qayğı göstərmişdi. bu gün Cəbrayıl şəhəri tamamilə yenidən dirçəldilir. Hər il avqustun 23-ü - Cəbrayılın işğalı günündə rayon sakinləri şəhid məzarlarını ziyarət edib, torpaqların nə zaman azad ediləcəyini düşünüb və buna ümid ediblər. Lakin illər keçdikcə həmin ümid də azalmağa doğru gedib. Xalqın torpaqların işğaldan azad edilməsinə, qələbəyə qəti inamını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin gedişində yaşayış məntəqələrinin, ilk növbədə, Cəbrayıl rayon mərkəzinin işğaldan azad edilməsi yaratdı. Çətin relyefə baxmayaraq Azərbaycan hərbçisinin qəhrəmanlıq göstərərək Cəbrayıl rayon mərkəzini azad etməsi hərbi-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşımaqla zəfərin müjdəsi oldu. Cəbrayıl şəhərinin azadlığa qovuşması ilə acılı günlər arxada qaldı. Barbarların dağıtdığı yerlərdə müasir yaşayış binalarının tikilməsi, infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə planlı şəkildə qaytarılması ilə torpaqlarımıza yeni nəfəs gəlir.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək. Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı.

Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir.

Xalqımızın bugünkü və gələcək nəsillərinin, Cəbrayıl rayon sakinlərinin 4 oktyabrı şəhərin azad edilməsi günü kimi bayram etməsi yurd, torpaq sevgisini daha da artıracaq, onlar böyüklük duyğusu yaradan dövlət rəhbəri ilə qürur duyacaqlar.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutuüzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər