Siyasət

  • 838

Azadlığa qovuşan ilk şəhər

image

Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Bu xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhərimiz oldu. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Cəbrayıl şəhərinin azad edildiyi tarix Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən şanlı Vətən müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, bura azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Vətən müharibəsi başa çatdıqdan sonra, 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda səfərdə oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan tarixində dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir. Həmin səfər çərçivəsində işğal zamanı dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirildi. 14 fevral 2021-ci ildə edilən dövlət başçısının səfəri zamanı Cəbrayıl rayonunun Soltanlı kəndində görülən işlərlə tanış oldu. Cənab İlham Əliyevin 26 aprel 2021-ci il tarixli səfəri zamanı Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi və hərbi qulluqçularla görüşdü. Azərbaycan Prezidenti Cəbrayıla səfəri çərçivəsində Sarıcallı kəndinin də təməlini qoyub. Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub.
Bu gün 30 ilə yaxın erməni tapdağında olmuş digər ərazilərimiz kimi, Cəbrayılda da geniş bərpa-quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Eyni zamanda, bu rayonun elektrik təchizatı artıq istifadəyə verilib. Hazırda rayona 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
Həyata keçirilən işlər, nəhəng layihələr soydaşlarımızın rahatlığı və firavanlığına hesablanıb.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər