Prezident İlham Əliyev:"İşğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar"
Azərbaycanın güclü və müasir ordusu 44 günlük Vətən müharibəsində düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığının bir gün sona yetəcəyini göstərmiş oldu. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa onların məğlub olmaları qaçılmaz idi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmış, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması, münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.
İşğal dövründə bütün erməni təcavüzkarları 30 ilə yaxın zamanda bütün əraziləri dağmadağın etmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımız azad olundu və bu gün Zəfər çalmış Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması mərhələsini yaşayır.
300-Ə YAXIN SAKİN İŞLƏ TƏMİN EDİLƏCƏK
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və görülən işlərlə tanışlıq, yeni müəssisələrin açılışında iştirakı, eləcə də, təməllərin qoyulması sürətli quruculuq işlərinin təzahürüdür. "Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur". Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Cəbrayıl şəhərində "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlinin dövlət başçısı tərəfindən qoyulması yeni iş yerlərinin açılması deməkdir. Qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur. Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.
"BİZİM GÜCÜMÜZ - SİYASİ ÇƏKİMİZ, İQTİSADİ QÜDRƏTİMİZ, HƏRBİ GÜCÜMÜZ İLDƏN-İLƏ ANCAQ ARTACAQ"
Azərbaycan iqtisadi gücü, inkişafı böyük qurculuq işlərimizi sürətləndirir. "Biz bu torpaqlarda əbədi yaşayacağıq. Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət kimi əbədi yaşayacaq", - deyən Prezident bildirib ki, Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək: "Mən buna şübhə etmirəm, əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir. Bizim gücümüz - siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm. Bu yaxınlarda mən bu barədə danışmışam, nə qədər böyük səylər göstərilib ki, bizim döyüş qabiliyyətimiz daha da artsın. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi dövründə biz bütün dünyaya hərbi cəhətdən nəyə qadir olduğumuzu nümayiş etdirdik. Bilin və Azərbaycan xalqı bilsin, o vaxtdan bu günə qədər bizim hərbi qüdrətimiz daha da artıb. Əgər kimsə bizim qabağımızda durmaq fikrinə gələrsə, yenə də peşman olacaqdır".
REGİONAL ENERJİ MÜSTƏQİLLİYİNƏ TÖHFƏ
Prezident İlham Əliyevin regionun yaşıl enerji zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Ümumilikdə isə bu günədək Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir.
Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq tikilən "Sarıqışlaq" SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib. Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.
"Sarıqışlaq" SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir. Su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki "Sarıqışlaq" SES-də, eyni zamanda "Şayıflı" SES-də istehsal olunan yaşıl enerjinin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.
Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı "Sarıqışlaq" Su Elektrik Stansiyasını işə salıb. "Sarıqışlaq" SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.
Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.
"100-Ə YAXIN KƏNDİN BƏRPASI DAVAM EDİR VƏ BİZ BÖYÜK QAYIDIŞ PROQRAMINI UĞURLA İCRA EDİRİK"
Cəbrayıl rayonunda "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyan Azərbaycan Prezidenti İlham Əliyevə müəssisə haqqında məlumat verilərkən bildirilib ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq. Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək. Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək. Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək. Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.
"Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq", - deyən Prezident bildirib ki, bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır: "Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik".
Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə, əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq arzusundadırlar. " Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm", - deyə dövlət başçımız bildirib.
Zümrüd BAYRAMOVA