Siyasət

  • 1 021

Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq

image

“Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik!” Dövlət başçısı İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edərkən çıxışında onu da əlavə etdi ki, Ermənistana bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir: “Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz.”

Azərbaycan daim dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olur. Rəsmi Bakı ən yüksək tribunalardan ikili standartların yolverilməz olduğunu və buna son qoymağın vacibliyini bəyan edir. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasını şərtləndirən səbəblərdən biri məhz əksər dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri oldu. Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətinə diqqət yetirmək kifayətdir. Quruma həmsədr olan ölkələrin təmsilçiləri iddia edirdilər ki, işğalçının adı ilə çağrılması birtərəflilik kimi qəbul edilə bilər. Vəziyyətdən çıxmaq üçün söylənilən bu fikir çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməzdi. Ədalətin və beynəlxalq hüququn yanında olmaq birtərəflilikdimi? Ermənistana dəstək olmaq, maddi və mənəvi dəstək göstərmək, silahlandırmaq necə dəyərləndirilir? İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycan bu yanaşmaların yaratdığı problemlərdən narahatlığını daim bəyan edir və bu çağırışı da səsləndirir ki, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz.
Cənab İlham Əliyev sözügedən çıxışında da çağırışları ilə diqqətdə oldu. “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb” söyləyən dövlətimizin başçısı bildirdi ki, indi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın: “Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik… Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.”
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında da dünyanın əksər güclərinin ikili yanaşmalarından bəhs etdi. Bildirdi ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir.
Reallıq budur ki, nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində bunu görürük. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. “Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur” söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Zəfər bizimlə əbədi yaşayacaq.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər