Siyasət

  • 539

Müdafiə sənayesinin inkişafında səmərəli platforma TƏHLİL

image

Beynəlxalq tədbirlər məkanı olan Azərbaycan təhlükəsiz və əmin-amanlıq şəraitində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir - "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə ev sahibliyi etdi. "ADEX" Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Respublikamızda müdafiə sənayesi sahəsi də uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Qeyd edək ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrə aid xərclər dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində isə bu istiqamətdə olan xərclər üçün 5,3 milyard vəsait təsdiq olunub. Ölkəmizdə ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır.


"ADEX"-İN COĞRAFİYASI GENİŞLƏNİB


Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakıda keçirilən "ADEX-2024" beşinci dəfə idi ki, təşkil olunurdu. Xatırladaq ki, ilk "ADEX" sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib. Qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayan sərgi aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır.
"ADEX" müdafiə sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var idi. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılmışdılar. Sərgidə məşhur şirkətlərin məhsulları nümayiş olunurdu. Qardaş Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biri olaraq "Roketsan", "Baykar", "Turkish Aerospace", "REPKON" kimi şirkətləri ilə təmsil olunurdu.


QABAQCIL TEXNOLOGİYALARIN TƏQDİMATI


"Azərsilah" QSC tərəfindən sərginin açıq havada nəzərdə tutulmuş ərazisində zirehli maşınlar, kəşfiyyat və kamikadze dronları, o cümlədən PUA-ların nümayişi Azərbaycanın müdafiə gücünü sərgiləyirdi. STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan STP 30-dan artıq istehsal sahəsi ilə öz sektorunun lideridir. Sərgidə şirkət tərəfindən silah və sursat, hava bombaları və hava raketləri, simulyatorlar və təlim sistemləri ilə yanaşı, yerüstü hərbi təlim avadanlıqlarının təqdimatı maraqla qarşılanıb.
Əlbəttə ki, "ADEX" və "Securex Caspian" sərgiləri iştirakçılar, ziyarətçilər və müxtəlif ölkələrdən gələn ekspertlər arasında təcrübə mübadiləsi aparmaq, həmçinin məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Builki sərgilərin əvvəlkilərdən fərqi daha çox ölkədən şirkət və nümayəndə heyətinin qatılması idi. İştirakçı ölkələrin sayının getdikcə artması isə bu sərgilərin bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiqləyir.

"ADEX" sərgisi Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır.

Üç gün davam edən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şikətlər arasında sənədlər, MSN-in tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb, bir çox mövzularında panel müzakirələr aparılıb. MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin "Aselsan" şirkəti, Elmi Tətqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi – "Belspesvneştexnika", "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" ilə Türkiyənin "REPKON", Çinin "China Precision Machinery Import-Export Corporation", Bosniya və Hersoqovinanın "Tehnicki Remont Bratunac", Slovakiyanın "MSM Group", İsrailin "AS Holdings" və "Elbit Systems", Serbiyanın "Yugoimport SDPR" şirkətləri arasında müqavilələrin imzalanması gələcəkdə əlaqələrin daha genişləndirilməsində yeni perspektivlər vəd edir. Sərgi çərçivəsində hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Sərgini əhəmiyyətli edən məqamlardan biri də ondan ibarət idi ki, iştirakçılar, ziyarətçilər və şirkətlər arasında qarşılıqlı informasiya mübadiləsi baş verdi və gələcək uğurların yeni təməli qoyuldu. Tədbirdə 40 ölkəni təmsil edən 218-dək şirkət iştirak edib, 14 ölkə milli pavilyonla təmsil olunub.

AZƏRBAYCANIN HƏRBİ GÜCÜNÜN NÜMAYİŞİ

Sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 193 adda müdafiə təyinatlı məmulatların nümayişi Azərbaycanın hərbi gücünün nümayişi baxımından əhəmiyyətlidir. Sərgi son illərin dinamik inkişafını özündə əks etdirən milli müdafiə sənayemizin nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni məhsul və texnologiyalarla tanışlıq istiqamətində geniş imkanlar yaradıb.
Tədbirin əhəmiyyətini vurğulayan əsas hadisə, hər iki sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ziyarət etməsi oldu. Dövlət başçısı xarici ölkələrin bütün iri stendlərini, eləcə də yerli sərgiləri ziyarət edərək, müasir silahların və hərbi-texniki avadanlığın Azərbaycanın müdafiə qabiliyyəti üçün əhəmiyyətini qeyd edib.
Bu tədbirin əsas şüarlarından biri "Torpaqlarımızın bütövlüyü və suverenliyimiz əbədi olsun! Yaşasın Azərbaycan!" çağırışı oldu.
Sərgidə Müdafiə Nazirliyinin stendi təqdim olunub, burada müasir silah sistemləri və xüsusi təyinatlı qüvvələrin təchizatı, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri haqqında ətraflı məlumat göstərilib. "ADEX-2024"-də 2024-cü ildə istehsal olunan yerli inkişaflar olan ITX-15 M və ITX-20 H zirehli transportyorları nümayişi maraq doğurub. ITX-20 H, heyətin daşınması üçün MRAP (miynaya davamlı, hücuma qarşı qorunmuş) sinifinə aid bir zirehli transportyordur. ITX-15 zirehli maşını isə təcili yardım imkanı ilə təchiz olunmuşdur.
İlk dəfə yerli istehsal olan "Turan-1" adlandırılan silah təqdim olundu ki, bu da yerli mühəndislər tərəfindən hazırlanmış və 2024-cü ildə istehsal edilmişdir. Minlərlə ziyarətçinin diqqətini cəlb edən qeyri-müntəzəm sistemlər, döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, mühəndislik sistemləri, silah istehsalı üçün avadanlıq, opto-elektron cihazlar və sistemlər, silahlar və döyüş sursatları, radiyasiya, kimyəvi və bioloji müdafiə (RHB), radioelektron sistemlər, silahların utilizasiyası üçün texnologiyalar və digərləri təqdim edilib. Qeyd edək ki, Azərbaycan Ordusunun inkişafına təsir edən amillərdən biri də xüsusi strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlamasıdır. Bu amil respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülüb.
Bu sərgi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik məhsullarının təqdim edilməsi üçün ideal platformadır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər