Siyasət

  • 454

Sabahımızın kreativ və sağlam gəncliyi TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə ən yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdü veriləcək

Müasir Azərbaycan gəncliyi yaşadığımız zamanın ən məsuliyyətli bir dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə inkişafda olduğu bir zamanda müasir zamanın çağırışlarına cavab vermək gənclərdən böyük məsuliyyət tələb edir. Azərbaycan bayrağına bağlı olan gənclik respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirak edir və hər bir sahədə izi, əməlləri görünür. Demək, işıqlı sabahımızın gəncliyi fəal gənclikdir, yeniliyə meyl edən gənclikdir. Əlbəttə ki, müasir gəncliyin dövlətin diqqət və qayğısı ilə əhatə olunması onların bütün potensialarından düzgün istiqamətdə istifadəsinə imkanlar açır. Prezident İlham Əliyevin son 21 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstəriş və sərəncamlar sözügedən təbəqənin öz üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməsinə əhəmiyyətli təsir göstərir. "2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təhsilə və gənclərə ayrılan diqqətin davamıdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcəkdir.

GƏNCLƏRƏ DÖVLƏT QAYĞISI

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə verilir.
Onu da bildirək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.
Yeri gəlmişkən onu da bildirək ki, 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı" və "Qızıl kitab"a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilib.

HƏM TƏŞƏBBÜSKAR, HƏM DƏ İŞTİRAKÇI

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Təbii ki, müasir dövrümüzün tələbləri nəzərə alınaraq dövlətin gənclərə diqqət və qayğısı da artır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı gənclərin qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması və s. istiqamətində tədbirlər həyata keçirilir. Təbii ki, gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar.
Bu gün tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində sağlam bir gənclik yetişib. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin daha bir ifadəsidir. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi gənclərə olan qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin etmiş oldu.
Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili və s. məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, bu gün onların sayı artmaqdadır.
Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və bu gün "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir.

ÖLKƏNİN İNKİŞAFI NAMİNƏ

Azərbaycan gəncliyi Dövlət Proqramlarının davamı olaraq ölkə başçısının 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq etdi. Sərəncama əsasən, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirilir, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə edilərək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırılır. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Bu gün təqdirəlayiq hal isə odur ki, gənclər də dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını, onlara olan etimadı yüksək qiymətləndirərək var qüvvələri ilə çalışır, ölkənin inkişafı naminə öz töhfələrini verirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər