Siyasət

  • 469

Biz doğma torpağımızda qürurla yaşayırıq ŞƏRH

image

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə, böyük Zəfərə gedən yolu işıqlandırdı. İşğaldan azad olan torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq layihələrinin reallaşması ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu nümayiş etdirdi. Azərbaycanın igid oğullarının qanı-canı bahasına azad edilən torpaqlarımızın yenidən qurulması, keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin gücünü, xalqımızın milli qürurla, milli ruhla bu torpaqlarda parlaq gələcək qurduğunu nümayiş etdirir.

Oktyabrın 4-də, Cəbrayıl Şəhəri Günündə Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak etməsi, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etmələri xüsusilə əlamətdar, ikiqat bayram oldu.

Bayram tədbirində çıxışı zamanı ölkə Prezidentimiz qeyd etdi ki, burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm.

Bəli, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir cəbrayıllı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə bütün dünyaya bildirirlər ki, Azərbaycan xalqı tarixi Zəfəri çaldı, ədaləti bərqərar etdi.

Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandılan hər qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi.

Öz isti oçaqlarından illərlə didərgin düşmüş soydaşlarımız bu gün düşmənin viran, tar-mar etdiyi torpaqlarımızın, şəhər və kəndlərimizin gülə, gülüstana çevrildiyinə şahidlik edirlər. Oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan 7,9 hektar ümumi sahədən ibarət yaşayış kompleksinin istifadəyə verilməsi cəbrayıllılara dəyərli hədiyyə oldu. 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli 33 yaşayış binasının 712 mənzilinin açarları illərlə doğma torpaqların həsrəti ilə yaşayan həmvətənlilərimizə təqdim edildi. Bir zaman düşmən tərəfindən yurd-yuvasından didərgin salınan insanların sevinci daha böyük idi. Axı, mənzillərinin açarları Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən onlara təqdim edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə daha bir “4 oktyabr” günü yazıldı. Eyni zamanda, 2024-cü ilin 4 oktyabrı bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi.

İşğaldan azad edilən torpaqlarımız kimi, Cəbrayıl yenidən quruldu, Cəbrayıla həyat qayıtdı. Düşmən çox istəsə də tarixi dəyişə bilmədi. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti dəyişdirmək olmaz.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər