2024-cü il oktyabrın 4-də cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın Cəbrayıl şəhərində, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin növbəti bariz nümunəsi olan yeni yaşayış kompleksinin açılışında iştirak etməsi Azərbaycanın quruculuq landşaftında mühüm nəticədir. Bu hadisə şəhərin azad edilməsinin dördüncü ildönümü çərçivəsində qeyd edilərək, qələbəmizi daha da zənginləşdirir. Ölkə Başçısının tətbirdə çıxışı həm də regionda və onun hüdudlarından kənarda gedən daha geniş geosiyasi prosesləri dərk etmək üçün bir vektor rolunu oynayır.
İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın daxili və xarici siyasəti üçün uzunmüddətli nəticələrə malik əlamətdar tarixi nailiyyət idi. Cəbrayıl işğaldan azad edilən ilk şəhər oldu və bütün xalqın qələbə ruhunu daha yüksəltdi. Cənab İlham Əliyevin çıxış nitqinə istinadən, bu hadisə təkcə orduda deyil, mülki əhalidə də ruh yüksəkliyi yaratmış, yekun qələbəyə inamı gücləndirmişdir.
Müasir geosiyasi mənzərə fonunda Cəbrayılın azad edilməsi, dünya təcrübəsini zənginləşdirərək, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün vacibliyini vurğulayır. Azərbaycan öz əraziləri üzərində nəzarəti bərpa edərək beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, ölkəmiz qətiyyətlə öz maraqlarını müdafiə etməyə hazırdır.
Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi yüksək peşəkarlıq və qəhrəmanlıq Cəbrayılın azad edilməsi əməliyyatının uğurunu şərtləndirən mühüm amil oldu. Düşmənin müdafiə xəttini qıraraq, ordumuz nəinki şəhər üzərində nəzarəti ələ keçirə, həm də ölkəmizin müdafiəsi üçün gələcəkdə də öz rəşadətinin göstərməyə hər an hazır olduğunu nümayiş etdirə bildi.
Cəbrayıl şəhərinin azad edilməsindən qısa müddət sonra həyata keçirilən uğurlu Hadrut əməliyyatı ordunun strateji qabiıiyyətini və koordinasiyasını nümayiş etdirdi. O, həmçinin hərbi məsələlərdə müasir texnologiyaların və taktikaların tətbiqinin zəruriliyini vurğulayır ki, bu da Azərbaycanı regionda mürəkkəb geosiyasi oyunun daha inamlı aktoruna çevirib.
Cəbrayıl azad edildikdən sonra, onun inkişafı üçün Prezident səviyyəsində dərhal göstərişlər verildi. İnfrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən minalardan təmizləmə və yolların bərpası şəhərə həyat qaytarmaqla yanaşı, davamlı iqtisadi artım üçün zəmin yaradır. Bu, təkcə daxili rifaha xidmət etmir, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
Yeni iş yerlərinin yaradılması və geri qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi regionun bərpasına kompleks yanaşmanı vurğulayır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi sabitlik və inkişaf beynəlxalq ictimaiyyət üçün Azərbaycanın qlobal iqtisadiyyata fəal inteqrasiyaya hazır olduğuna dair mühüm siqnal ola bilər.
İkinci Qarabağ müharibəsi nəticəsində Cəbrayılın və digər əhalinin məskunlaşdığı ərazilərin azad edilməsi Azərbaycanın daxili dinamikasını dəyişdirməklə yanaşı, regionda geosiyasi uyğunlaşmaya da təsir göstərir. Davam edən böyük güc rəqabəti kontekstində öz əraziləri üzərində nəzarəti bərpa edən Azərbaycan regionun əsas oyunçuları üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirərək daha qüdrətli ölkəyə çevrilib.
Bəzi Qərb dövlətləri Ermənistanı dəstəkləməkdə davam edərkən, Azərbaycan suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan müstəqil siyasətini nümayiş etdirir. “Biz yalnız öz gücümüzə arxalanacağıq”, - deyən cənab Prezident ölkənin beynəlxalq təzyiq altında belə öz maraqlarını müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Bu, həmçinin beynəlxalq siyasətdə ikili standartlarla bağlı mühüm suallar doğurur. Ukraynaya fəal dəstək verən Qərb dövlətləri niyə Azərbaycanla bağlı eyni addımı atmaqdan imtina edir? Bu cür ikiüzlülük gərginlik yaradır və Azərbaycanın öz maraqlarını qorumaq üçün beynəlxalq işlərə daha çox qarışmasını tələb edir.
Oktyabrın 4-də qeyd olunan Cəbrayıl şəhəri günü təkcə şəhərin özü üçün deyil, həm də bütün ölkə üçün qələbə, bərpa və gələcəyə ümid rəmzinə çevrilib. Cəbrayılın azad edilməsi ədalət və ərazi bütövlüyü uğrunda mübarizənin təkcə xalqların taleyini deyil, həm də regionun geosiyasi reallıqlarını necə müəyyənləşdirə biləcəyini xatırladan mühüm bir tarix rolunu oynayır.
Bu nailiyyət Cənubi Qafqazda daha sabit və dinc gələcək üçün əsas ola biləcəyini və dövlətlərin suverenliyinə və münaqişələrin ədalətli həllinə hörmət edilməsinin vacibliyini vurğulayır. Azərbaycan da öz növbəsində mürəkkəb geosiyasi mənzərədə regionun lideri olaraq, mövqeyini möhkəmləndirir və irəliləməyə davam edir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü